Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyevdən sonra, bu qurumun vitse-prezidenti Güloğlan Cabbarov da sərt çıxışı ilə yadda qalıb.
İdmanxeber.com-un məlumatına görə, 39 yaşlı kikboksinq üzrə üçqat, uşu-sanda üzrə birqat dünya çempionumuz nazir və məmurları ölkədə gedən son hadisələrlə bağlı tənqid edib:
“Deyirəm, doğrudan da 2 ayın içində bu millət nə hala gəldi çıxdı. Qubada, Siyəzəndə, Lənkəranda, İmişlidə olan insanlar da bu millətin övladıdır, orda iğtişaşları yatırdan xalqla üz-üzə gələn əsgər, polis də bu millətin övladıdır! Nə xalqda məmurlara güvən, nə də məmurlara etibar qaldı… Amma hər nə olur-olsun, biz bu millətin övladlarıyıq. Bu xalqı, bu dövləti və dövlətçiliyimizi qorumaq bizim borcumuzdur! Hər kəs əlini vicdanına qoymalıdır və bu gün nə nazirlər, nə də dövlət məmurları heç bir kəsdən artıq, üstün deyil! Lazım gəlsə, kabinetlərindən yanlarını tərpədib xalqın arasında olmalıdırlar, lazım gəlsə, bir-bir millətin qapısına gedib hər şeyi izah etməlidirlər. Cənablar bilməlidir ki, bu xalq, bu millət lazım gəlsə, pendir-çörəklə də yaşayar! Millətə lazım olan əsasən də bu həssas dönəmdə diqqətdir, diqqət! Xalqın etibarını qazanmaq üçün təkəbbürlüyü unudub xalqla bir yerdə olmaq lazımdır. Qubanın icra başçısı deyir, 3-5 nəfər gəlin kabinetimə, sizi qəbul edim. Adama deyərlər, sən kimdən artıqsan, sən get də onların ayağına, şahlığından düşməyəcəksən ki”.
Qeyd edək ki, Güloğlan Cabbarov 2008-ci ilin dekabrın 12-dən AKF-nin vitse-prezidenti təyin olunub. O əvvəllər “Neftçi”nin futbol komandasında idman direktoru vəzifəsində də çalışıb.