Son 3 mövsümün Azərbaycan çempionu “Neftçi” artıq indidən islahatlara başlayıb. Premyer Liqada sona 10 tur qalmış lider “Qarabağ”dan 10 xal geri qalan “Neftçi” mövsümün sonunda bir neçə futbolçusu ilə yollarını ayıracaq. Kluba yaxın mənbədən aldığımız məlumata görə, Legioner futbolçulardan Melvin Platye və İqor Mitreskinin gedəcəyi dəqiqdir. Müdafiəçi Bruno Bertuççiylə dayaq yarımmüdafiəçisi Erik Ramosda komandada qalmaq istəmir. Əgər onlarla danışıqlar müsbət yekunlaşmazsa hər iki futbolçu da komandadan gedəcək. Mənbənin sözlərinə görə komanda yaxşı hücumçu tapa bilərsə Boadır Nasimovla da vidalaşacaq. Məlumatlı mənbənin sözlərinə inansaq, müdafiəçi Denis Silva da göndərilə bilər. Əgər onun da yerinə səviyyəli futbolçu tapılarsa, o da gedəcək.
Yerli futbolçulardan isə Cavid İmamverdiyevin başqa komandaya icarəyə veriləcəyi gözlənilir. Böyükağa Hacıyevin bəyənmədiyi futbolçuya çevrilən Cavid özü klub prezidenti Sadıq Sadıqovdan xahiş edib ki, icarə əsasında başqa komandada çıxış etməsinə icazə verilsin.
Aldığımız məlumata görə, komandanın kapitanı Rəşad Sadiqovunda oyunu hazırda klub rəhbərliyini və məşqçilər korpusunu qane etmir. Bu səbəbdən də mövsümün sonunda Sadiqovla söhbət ediləcək. Ola bilsin ki, kapitanla da yollar ayrılsın.
stadium.az