Kateqoriyasız

“Neftçi” azarkeşlərindən bəyanat: “Komandamız müxtəlif təzyiqlərə məruz qalır”

Son zamanlar “Neftçi”nin futbolçularına, məşqçilər heyətinə və biz azarkeşlərə olan təzyiqlər getdikcə artır. Bütün bu cəhdlərin faydasız olduğunu görən qısqanc qüvvələr indi də “Neftçi”nin prezidentinin vəzifəsindən gedəcəyi ilə bağlı şaiyələr yaymağa başlayıblar.

Biz 2009-cu ilə qədər altı mövsüm ardıcıl olaraq çempionluğa həsrət qalan komandamızı bir an belə olsa tək buraxmadıq. Moskvadan erməniləri qaçmağa məcbur edən “Neftçi”nin yanında olmağı özümüzə borc bildik. Sadıq Sadıqovun kluba prezident gəlişindən sonra isə komandamız uğurları sıralanmağa başladı. 3 il ardıcıl stadiondan komandamızın çempionluğunu bayram etdik. Məhz bizim klubumuz Avropa Liqasının qrup mərhələsində çıxış etdi və tarixi ilki gerçəkləşdirdi. Azarkeş olaraq bu hissləri sözlə ifadə etmək çətindir, çünki bunları yaşamaq üçün əyani şəkildə görmək lazımdır. Ürəyi “Neftçi” ilə döyünən hər kəs bu uğurlarla fəxr edir.

Təəssüf ki, komandamız qazandığı uğurların müqabilində neçə ildir ki, müxtəlif təzyiqlərə məruz qalır. Bir azarkeş olaraq bunu kənardan hiss etməmək mümkün deyil. Uğurlarımıza qısqanc yanaşan qüvvələr qəsdən klub prezidenti Sadıq Sadıqovun vəzifəsindən uzaqlaşacağını gündəmə gətirirlər. Aydındır ki, bunu istəyən və bu kimi məlumatları yaymaqla ictimai fikri dolaşdırmağa çalışanlar “Neftçi”ni gözü götürməyən şəxslərdir. Komandaya bu qədər uğur qazandıran bir şəxsin futboldan uzaqlaşması nə dərəcədə ədalətli sayıla bilər? Görəsən hansı klub prezidenti bu qədər nailiyyətə imza atıb? Bəlkə belə bir klub rəhbəri var, bizə desinlər biz də bilək. Biz “Neftçi”mizin arxasında dayandığımız kimi onun bu uğurlara imza atan prezidentini də daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Sadıq Sadıqovu işindən bezdirməyə çalışanlar, onun futboldan uzaqlaşmasını istəyənlər ortaya çıxıb bizə cavab versinlər. Biz bilirik ki, bütün bunlar “Neftçi”nin müxtəlif üsularla sarsıtmağa çalışan, komandamıza qarşı qara niyyətli planlar hazırlayan insanların işidir. Qoy onlar da bilsinlər ki, “Neftçi” bir ailədir və bu ailənin bir üzvü kimi biz də öz dəstəyimizi əsirgəməyəcəyik. Bir daha bildiririk ki, ictimaiyyətdə bu kimi şaiyə xarakterli məlumatlar yayılmasının qəti əleyhinəyik.

Azarkeş üçün ən böyük sevinc komandasının uğur qazanmasıdır. İstəyirik ki, son üç mövsümdə bizə bu hissləri yaşadan “Neftçi”miz qələbələrinin davamını gətirsin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43