22 Dekabr 2024
İdman

“Neftçi İdman Klubu”nun güləşçisi olimpiya oyunlarına vəsiqə qazandı

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı start götürtüb. Yarışların ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. 75 kq çəki dərəcəsində yarışan, “Neftçi İdman Klubu”nun üzvü Elvin Mürsəliyev ilk görüşünü meksikalı Xuan Anqel Eskobara qarşı keçirib. Güləşçimiz rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Növbəti mərhələlərdə Sloveniya, Rumıniya və Qırğızıstan güləşçilərini məğlub edən Mürsəliyev yarımfinala çıxıb. Bununla da “Neftçi İdman Klubu”nun nümayəndəsi gələn il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Güləşçimiz yarımfinalda rusiyalı Roman Vlasova, brünc medal uğrunda görüşdə isə Qazaxıstan idmançısı Dostcan Kartikova uduzub.

“Neftçi İdman Klubu”nun digər üzvü, dünya və Avropa çempionu Həsən Əliyev ilk görüşünü Avropa Oyunlarının qalibi, Rusiya pəhləvanı Artyom Surkova qarşı keçirib. Təəssüf ki, güləşçimiz güclü rəqibinə uduzaraq dünya çempionatında mübarizəni dayandırıb.

Güləş üzrə dünya çempionatının ikinci yarış günündə Azərbaycanı daha 4 idmançı təmsil edəcək.

Qeyd edək ki, mundialda ilk 5 yeri tutan güləşçilər Rio-2016 Olimpiyadasına lisenziya qazanacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43