22 Dekabr 2024
Kateqoriyasız

“Neftçi”dən qisasımı aldım” – Tərlan Əhmədov

“İtkilərimiz çox idi. Aleksandr Qurulinin zədəsi  var,  çox güman ki, son oyunda da iştirak edə bilməyəcək. Qvanzav və Nuqzar da zədədən əziyyət çəkir. Buna baxmayaraq, meydançaya çıxan futbolçular yüksək səviyyədə futbol sərgilədilər”.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 17-ci turunda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, “Neftçi”yə qarşı oyunu müdafiədən qurduqlarını bildirib:

“Rəqibi təhlil etmişdik. “Neftçi”nin bütün həmlələrinin qarşısını almaqla yanaşı, lazım olan qolu da vura bildik. İki gün sonra “Zirə”ni qəbul edəcəyik, həmin oyunlara hazırlaşacağıq. Şüvəlana gələn bütün məşqçilərlə görüşmüşəm, amma bu gün oyundan öncə və oyundan sonra Əsgər Abdullayevlə görüş olmadı. Aramızda heç bir inciklik yoxdur, bu həyat təcrübəsidir. Ola bilər ki vaxtilə ünvanımıza deyilən bəzi sözlərin müqabilində  bu məğlubiyyət həzm olunmur”.

T.Əhmədov hər qarşılaşmanın onlar üçün vacib olduğunu vurğulayıb:

“Amma oyun oyuna bənzəmir. Komandanı yaradanda vaxt istəmişdim və bildirmişdim ki, bunun bəhrəsini görəcəksiniz. Düzdür, müəyyən tənqidlər oldu, amma buna baxmayaraq, biz oyundan oyuna inkişaf edirik. Açığı, “Neftçi” ilə oyun mənim üçün prinsipial idi. Bu görüş futbolçuların yox, mənim prinsipim idi. Cari mövsümdə “Neftçi”ni 2 dəfə məğlub etmişik, bu bizim yox, komandanın əməyidir. “Neftçi”ni 2:1 hesabı ilə udanda rəqib düşərgədən demişdilər ki, AZAL küçə komandasıdır. Əlbəttə ki, bu sözdən sonra “Neftçi” mənim üçün prinsipial rəqib olacaq. Əgər mən bu gün AZAL-da işləyirəmsə, bu komandanın şərəfini qoruyuram. Heç kim heç kimi aşağılaya bilməz. Həmin o sözə görə biz bu gün “Neftçi”ni üstələdik və mən qisasımı aldım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43