22 Dekabr 2024
Premyer Liqa

“Neftçi”nin futbolçusu üzr istədi

“Zirə” klubu ilə oyunun çətin keçəcəyini bilirdik. Görüşə də yaxşı hazırlaşmışdıq. Amma oyun başlayan kimi rəqib komandanın futbolçuları kobud oynamağa başladılar”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri klubun saytına açıqlamasında “Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli deyib.

Azərbaycan Premyer Liqasının 7-ci turunda “Zirə”yə 0:2 hesabı ilə uduzduqları matçdan sonra açıqlama verən gənc futbolçu bir neçə epizodda konkret ona qarşı bilərəkdən kobudluq edildiyini vurğulayıb:

“Həmin vəziyyətlərdə ciddi zədə almaqdan özümü zorla qorudum. Belə hallarda cərimə zərbəsi təyin olunmayanda nəticə də ağır olur. İkinci hissədə də mənə qarşı aqressiv oyun davam etdi. Qırmızı vərəqə epizodunda rəqib ayağımın üzərinə yıxıldı və heç durmağa da tələsmirdi. Ağrıdan belə reaksiya verdim. “Neftçi”nin əsas heyətində güclənmək üçün mütəmadi oynamalıyam. İndi alacağım zədə həm klub, həm də milli komanda karyerama zərbə olardı.

Azarkeşlərimiz də uzun yol qət edib bizi dəstəkləməyə gəlmişdilər. Qələbə qazana bilmədiyimizə görə onlardan üzr istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43