“Oyuna yaxşı başladıq. Bilirdik çətin olacaq”.
İdmanxeber.com-un məlumatına görə, bunu “Neftçi”nin qapıçısı Aqil Məmmədov “Zirə”yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII tur matçından sonra “CBC Sport”a müsahibəsində deyib.
Gənc qolkiper istədikləri oyunu sərgiləyə bilmədikləri üçün uduzduqlarını söyləyib. Fəhmin Muradbəylinin ikinci hissənin əvvəllərində meydandan qovulmasına belə münasibət bildirib: “Hakimdən soruşdum, deyir ki, vurmuşdu. Nə deyə bilərəm? Vurubsa, deməli, qırmızı vərəqədir”.
Məmmədov qapısından buraxdığı hər iki qolun yaxın küncə vurulmasına baxmayaraq, özünü günahkar saymayıb: “Düzdür, yaxın küncə vurulan qollar qapıçının səhvi sayılır. Amma baxır necə vurulur. Yaxın məsafədən qüvvətli zərbə ilə vurulubsa, deməli, qapıçılıq bir şey yoxdur”.