Premyer Liqa

“Neftçi”nin vitse-prezidenti: “Neftçi” öz mövqeyini qoruyur, amma “Xəzər Lənkəran”…” – MÜSAHİBƏ

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun İdmanxeber.com saytına müsahibəsi.

– Artıq çempionatda 5 tur geridə qalıb. Komandanın hazırkı durumunu necə dəyərləndirirsiz?

 İlk öncə onu vurğuluyum ki, artı çempionatda rəqabət mövsümdən-mövsümə artır və bu prinsipiallığı gətirən klubların başında "Neftçi" dayanır. "Qarabağ" "İnter", "Qəbələ" və s. kimi klublar çempionluğa iddialarını ortaya qoyublar. Çempionatda 5 tur keçməsinə baxmayaraq, məğlub olmayan komanda qalmayıb. "Qarabağ" da, "Neftçi" də və digər klublarda məğlubiyyət acısı dadıblar. Hər bir rəqiblə, tutduğu yerdən asılı olmayaraq, həmin anda hazırlıq yüksək səviyyədə olmasa, bu görüşü qalibiyyətlə başa vura bilmərik. Mənə elə gəlir ki, çempionluq uğrunda mübarizə ötən illərdən fərqli olaraq daha da kəskinləşəcək.

– Son turda komanda "Bakı"ya 0:3 hesabı ilə məğlub oldu. Ümumiyyətlə "Neftçi"nin axırıncı dəfə belə bir məğlubiyyətini xatırlamıram. "Böyük oyun"dan sonra komandanın belə bir yenilgisi başadüşüləndir, yoxsa komanda hazırda psixoloji gərginlik altındadır? Çünki "Neftçi" son iki turda sadəcə 1 xal qazana bilib.

Qeyd etdiyim kimi, çempionatda məğlub olmayan komanda qalmayıb. "Bakı" da yavaş-yavaş öz oyununu tapa bilib. Əlbəttə ki, 0:3 hesablı məğlubiyyət "Neftçi" üçün qəbulolunmazdır, amma bunlara baxmayaraq, komandamız hazırda ilk üçlükdə qərarlaşıb. Sadəcə, bundan sonra belə halların baş verməməsi üçün istər klub və futbolçular bu işə daha ciddi yanaşır.

– Diqqət yetirsək "Neftçi"nin qazandığı 3 qələbə – AZAL, "Sumqayıt" və "Rəvan" kimi komandalara qarşı olub. Yəni çempionatda mümkün 3 xal alınası rəqiblərdir bunlar. Nə qədər tez olsa da, belə bir fikir səsləndirmək olarmı, "Neftçi" hal-hazırda iddalı klubarla oyuna o qədər də hazır deyil?

Bu fikirlərlə bir qədər razılaşmıram. Fikir verin, AZAL turnir cədvəlinin lideridir. Bu klubun "Qarabağ" və "Bakı" üzərində qazandığı qələbələri çox şeydən xəbər verir. Bizim də AZAL-a qarşı qazandığımız qələbə də həmçinin çox şeydən xəbər verir. Mən o komandaları zəif saymıram. Bir daha bildirirəm ki, biz hər oyuna ciddi yanaşırıq.  "Xəzər Lənkəran"la oyuna gəlincə, bu klublar arasında oyun turnir cədvəlində tutduğu yerdən asılı olmayaraq həmişə prinsipiallığı ilə seçilir. Bu iki klub arasında oyunlar hər zaman yüksək səviyyədə keçirilir. Təbiidir, desələr ki, "Neftçi" bugün çempionata tam hazırdır, bu biraz yanlış olar. Bildiyimiz kimi, Böyükağa Hacıyev Çempionlar Liqasından sonra "Neftçi"nin baş məşqçi postundan istefa verdi. Bu hal komandaya təsir etməyə bilməzdi, amma stabil heyətimiz var. Yeni gələn legionerlər komandaya tam uyğunlaşandan sonra hər şey yoluna düşəcək. Məşqçimiz heyətimizi stabil olaraq saxlayır və komandamız mövsüm sonuna qədər çempion olmaq üçün əlindən gələni edəcək.

– Yeni baş məşqçi məsələsində xəbər varmı? Çünki son iki turdan qazanılan bir xal "Neftçi" rəhbərliyini düşündürməyə bilməz.

Klub prezidenti Sadıq Sadıqov hər zaman yerli məşqçilərə güvənib. Ona görə də "Neftçi"də Tərlan Əhmədova şans verdi. Qarşıdakı turlarda uğursuzluq olacağı halda bunu məşqçi dərk edəcək və belə nəticələrə görə kimsə klubda qalmaz. Yenə deyirəm, bugünkü gün üçün biz "Neftçi"nin məşqçilər korpusuna güvənirik. Heç bir məşqçi ilə danışıqlar aparılmır. Bu işlə Sadıq Sadıqov birbaşa özü məşğul olur.

– Belə başa düşdüm ki, siz yola Tərlan Əhmədovla davam edəcəksiniz…

Bir daha vurğuluyum, hər bir məsələ nəticəyə bağlıdır. Mən inanmıram ki, nəticə olmasa, mütəxəssislər özləri qalmaq istəsin. Onlar da iddialıdırlar. Prezident tərəfindən futbolçular və məşqçilər korpusu üçün hər bir şərait yaradılıb. Sadıq müəllim həmişə yerli məşqçilərə dəstək olub və vaxtilə, ilk çempionluğumuda güclülər dəstəsində təcrübəsi olmayan Arif Əsədovu baş məşqçi postuna gətirərək, ona gözəl şərait yaradılmışdı. İndiki məşqçilərə də eyni şərait yaradılıb.

– Yeni transferləri klubun ümidlərini doğrultmur…

 Bu fikirlə razılaşa bilmərik. Yeni gələn gələn legionerlər yetərincə səviyyəli futbolçulardır və  Ernets Nfor misalını yadınıza salım. Bu futbolçunun Belçika klubundan buraxılmasına komanda razılıq verdi. Böyük əməyin nəticəsində bu futbolçunu "Neftçi"yə gətirə bildik. Eyni zamanda Melvin Platye və digər yeni gələn futbolçular, onların səviyyəsini müzakirə etmək olmaz. Hamısı səviyyəli futbolçulardır. Komandanın özünə gəlməyi üçün zamana ehtiyacı var. Hələ çempionatın əvvəlidir. Bir misal gətirim sizə – avrokuboklarda çıxış edən klublarımızdan çempionatda öz mövqeylərini qoruyan "Qarabağ" və "Neftçi" olub. Turnir cədvəlində ilk sıralarda yerlərini tutublar, amma "Xəzər Lənkəran" və "İnter" Avropadakı uğursuzluqdan sonra çempionatda istədikləri səviyyədə çıxış edə bilmirlər. Sizinlə bir fikirdə razıyam – yeni futblçular hələ tam potensiallarını ortaya qoya bilməyiblər.

– Nikolas Kanalesin gedişindən yeni gələn Platye onun yerini hələ ki, doldura bilməyib. Həmçinin braziliyalı Bertuççi də hazırda istənilən səviyyədə çıxış etmir. Yəni demək istəyirəm ki, "Neftçi"nin legionerləri hazırda istənilən səviyyə də çıxış etmir.

– Biz hər zaman yerli və əcnəbi futbolçuları klubda ayırmamışıq. "Neftçi" yeganə klubdur ki, ancaq öz yetirmələrinə üstünlük verir. Rəşad Sadıqov, Mahir Şükürov, Flavinyo və Bertuççi ilə yanaşı komandamızın heyətində artıq öz sözünü deməyə başlamış, Cavid İmamaverdiyev, Araz Abdullayev, Elvin Yunusov, Tərlan Quliyev, Emin Mehdiyev, Mirhüseyn Seyidov kimi futbolçuları Azərbaycan futboluna bəxş etdik. Ümid edirəm ki, komandamız bu qısa müddətli fasilədən sonra öz futbolunu göstərə biləcək.

– "Neftçi" son 3 mövsümün çempionudur və son ildə "qızıl dubl" edib. Mənim şəxsi fikrimdir – ardıcıl 3 il çempion olan komandanın Azərbaycan reallağı ilə götürsək dördüncü dəfə ilk yeri tutması  inandırıcı deyil.

– Müəyyən fikirlərlə razıyıq. Məgər, bu 3 il ərzində imkan verirdilər bizə, çempion olmağa? Bizə tənqidlər həddindən artıq çoxdu. Bizim uğurlu nəticələrimiz çoxaldıqca, tənqidlər çoxalır. Elə klublar var ki, çempionluq illər boyu adına yazılmıyıb. Elə qüvvələr var ki, "Neftçi"nin bu hegemonluğunun qarşısının alınması üçün hər bir şey olunur.

 

– Maraqlıdır, "Xəzər Lənkəran" çempion olsa, "Neftçi" onu təbrik edəcəkmi?

Nəinki "Xəzər Lənkəran", istənilən klubumuz çempion olarsa, elə ən birinci biz onları təbrik edəcəyik. Burdan mediaya bildirirəm ki, Premyer Liqamızın təbliğatını daha da çox aparsınlar.

– Səhv etmirəmsə, çempionatın ikinci və ya üçüncü turu idi. Siz mətbuata belə bir açıqlama vermişdiniz, "Çempionat yenicə başlayıb, amma hakim səhvləri göz önündədir". Artıq 5-ci tur geridə qalıb və demək olar ki, hər tur hakim səhvləri ilə yadda qalır. Ümumiyyətlə, hakimliklə bağlı nə deyə bilərsiniz?

Bu fikirləri "Neftçi" rəsmisi kimi yox, beynəlxalq dərəcəli hakim kimi bildirmişəm. Azərbaycanda hakimlik ənənələri dünya səviyyəsində olub və bu ənənələri qaytarmaq lazımdır. Bunun üçün də açıq bildirmək lazımdır. AFFA rəhbərliyi hakimlər üçün istənilən şəraiti yaradıb. Bugün, bizim gənc hakimlərimiz, ideal meydançalarda çıxıb, hakimlik edirlər. Onların təhlükəsizliyini 100% təmin olunub. Hər hansı bir, təzyiqlə üzləşmirlər. Gənc hakimlərimiz biraz səhvlərinə diqqət etsinlər. Gələcəkdə bu səhvlər minimuma endirilməlidir. Əlbəttə ki, bu səhvlər olacaq. Biz necə qrupa düşməklə öz sözümüzü dediksə, hakimlərimiz də hər oyuna yüksək səviyyədə hazırlaşaraq adlarından söz etdirmlidir.

Bildiyimiz kimi "Neftçi"nin böyük azarkeş ordusu var, amma bu oyunlarda öz əksini tapmır. Oyunlara çox az azarkeş gəlir. Azarkeşlərlə nə kimi işlər görürsüz?

Bu barədə daimi işlər görürük. "Xəzər Lənkəran" səfərində gördünüz, azarkeşlərimiz komandalarını tək qoymamışdı. Onların təhlükəsizliyinin qorunması üçün "Neftçi" rəhbərliyi istənilən addımı atır və bundan sonra da belə olacaq.

– Məlum Lənkəran qalmaqalından sonra həbs olunan 8 azakeşdən biri "Neftçi" fanatı idi. Sosial şəbəkələrdə azarkeşlərin bir qismi belə etiraz etdi  ki, həmin azarkeş Cənub zonasındandı, məhz buna görə rəhbərlik bu azarkeşə köməlik göstərmir. Bu azarkeşə nə kimi köməklik göstərildi?

– Birincisi, istər azarkeş olsun, istər klub rəsmisi olsun, jurnalist olsun, məşqçi olsun qanun qarşısında hər birimiz məsuliyyət daşıyırıq və hər bir şəxs də bilməlidir ki, təhlükəsizlikin qorunması üçün müvafiq orqanların müəyyən səlahiyyətləri var. Biz də tutulan azarkeşləri nəzarətdə saxlayırıq. Bu məsələlərə mən çox da toxunmaq istəmirəm. Ümid edirik ki, gələcəkdə bir də belə hallar olmaz.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43