01 Noyabr 2024
Ölkə futbolu

“Ola bilsin ki, Musa müsəlman olduğu üçün İsveçdə ona qarşı başqa fikirlər var”

“Musa Qurbanlı futbolçu ailəsindən çıxıb. Onun əmisi, atası bu sahəni yaxından bilən adamlardı. Musanın İsveç klubunda möhkəmlənə bilməməsinin fərqli səbəbləri ola bilər. Ola bilsin ki, müsəlman olduğu üçün ona qarşı başqa fikirlər var. Bunlar ehtimaldır. Dəqiq nəsə demək olmur”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov yığmamızın hücumçusu Musa Qurbanlının “Yurqorden”də əsas heyətdən uzaq qalmasına münasibət bildirərkən deyib. O, futbolçunun yenidən ölkəmizə qayıtmaq ehtimalından da danışıb: 

“Musa hələ gəncdir. İstedadlı, bacarıqlı futbolçudur. Ola bilsin ki, hansısa səbəblərdən İsveçdəki karyerası alınmayıb. Amma Musa özünü Azərbaycanda yaxşı tərəfdən göstərib. Bir də belə məsələ var ki, “Qarabağ”dan gedənlər həmin performansı göstərə bilmir. Buna Kadi Borgesi, Musa Qurbanlını, Reynaldonu nümunə göstərə bilərik. Bu da komandaların sistemlərindən irəli gəlir.

Bu oyunçulardan istifadə edə bilməmək getdiyi yerlərdəki məşqçilərin zəifliyidir. Amma Qurban Qurbanov elə deyil. O, hansı futbolçudan necə yararlanacağını yaxşı bilir. Bütün məşqçilər heç də bunu bacarmır. 

Bütün hallarda Musa Qurbanlın qərarına hörmətlə yanaşmaq lazımdır. Azərbaycana gəlsə də, İsveçdə qalsa da, özü üçün xeyirlisi olsun. Çünki hələ gəncdir və gələcəyi qarşıdadır”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43