27 Dekabr 2024
Kateqoriyasız

“Olimpiakos”a uduzsaq da, motivasiyamız qaydasındadı” – Samir Abasov

Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” – HİK oyunundan öncə təşkil olunan mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə sabahkı matç barədə fikirlərini bildirdi…

– Sabah çox maraqlı rəqibə qarşı oynayacağıq. HİK-in iştirak etdiyi çempionat davam edir. Tbilisi “Dinamo”su kimi, onların da fiziki durumu çox yaxşıdı. Ölkəsinin çempionudu və təhlükəli rəqibdi. Finlandiya futbolu irəli doğru addımlayır. Millilərinin AVRO-2020-dəki çıxışı bunu deməyə əsas verir. HİK-in bəzi üstünlükləri var. Bizdən, bəlkə də, daha hazırlıqlıdı. Ən azı əlimizdən gələni etməliyik ki, bu turnirdə qalaq. HİK-in xeyli oyununa baxmışam. Məsələn, srağagün çempionat matçına çıxdılar. Kifayət qədər zəngin heyətə malikdi. “Malmö”yə bir oyunda uduzmalarına və bir heç-heçə etmələrinə baxmayaraq, xoşagələn, hərəkətli futbol nümayiş etdirirlər. Bizim də əhvalımız pis deyil. “Olimpiakos”a uduzsaq da, motivasiyamız qaydasındadı. Bəzi məqamlar bizi üzdü. Ancaq əhvali-ruhiyyəmizi düzəldə bilmişik. Bilirik ki, getdicə oyunlar çətinləşir.

– Sabah hücumda kim oynayacaq?
– Özünüz bilirsiz ki, aşağı-yuxarı iki hücumçumuz var: Harramiz Soareş və Mirabdulla Abbasov. Mirabdullanın səhhəti ilə bağlı problem oldu. Dünən məşqdə yox idi. Sabah baxacağıq ki, hansı vəziyyətdə olacaqlar. İkisindən biri oynayacaq.

– “Olimpiakos”la oyundan sonra çox gərgin görünürdüz. Həmin məğlubiyyətdən sonra komandanı psixoloji olaraq toparlamaq mümkün olubmu?
– Xoş hal idi ki, “Olimpiakos” kimi komandaya qarşı elə oynamışdıq. Matçdan əvvəl kimlərin nə gözlədiyini yada salaq. Məncə, meydanda bütün bunların əksini göstərdik. Hər iki matçda yaxşı futbol oynadıq. Bir qədər şansımız olsa, “Olimpiakos”u keçə bilərdik. Buna görə üzülürük. Uşaqların əziyyətinə heyfimiz gəldi. Bu, oyunun xoş hissəsidi. Məğlubiyyətə görə əhvali-ruhiyyə pis idi. Çünki belə bir rəqibə qalib gəlmək istəyirdik. Ancaq özümüz hər şeyi anlayıb dərk etməliyik. Həmin oyunun atmosferində qalsaq, bizə mənfi təsir edəcək. Bu gün əhvalımız yaxşıdı. Ancaq böyük vədlər vermək istəmirəm. Ola bilər ki, sabahkı rəqib hansısa məqamda daha üstün ola bilər. Ancaq bunları deyil, öz oyunumuzu göstərməyi düşünürük. “Olimpiakos”a qarşı göstərdiyimiz oyunu daha da yaxşılaşdıra bilsək, nəticə qazanarıq.

– Mərhələ adlasaz, “Fənərbağça”, məğlub olsaz, Konfrans Liqasında favorit olan “Makkabi” ilə üz-üzə gələcəksiz. Düşünmürsüz ki, ən yaxşısı elə HİK-ə qalib gəlməkdi…
– Püşk atanlar deyir ki, “Neftçi” irəli getməsin… Həddən artıq güclü rəqiblərdi. Gələcək rəqibləri düşünməmək üçşün indi HİK barədə fikirləşməliyik. Ən arzuolunmaz rəqiblər bizə düşdü. Ancaq indidən bunu düşünmək ağılsızlıq olar. Fikrimiz HİK-lə matçlardadı.

– HİK-in ən zəif mövqeyi hansıdı?
– HİK-lə “Olimpiakos”u müqayisə etmişik. Əslində, onların indiki durumu bizim üçün daha təhlükəlidi. Eyni şeyi “Dinamo”ya qarşı yaşamışdıq. “Olimpiakos”da həddən artıq keyfiyyətli oyunçular var və bəzən boşıluq verə bilərlər ki, rəqib də oynasın. HİK-in son 6-7 matçına baxmışıq, çox yaxşı komanda oyunu sərgiləyirlər, boşluq vermirlər. Məşqçinin tapşırıqlarını möhtəşəm yerinə yetirirlər. Bu, bizim üçün çətinlik törədə biləcək məqamdı. Adətən bizə qarşı qapanan komandalara qarşı çətinlik çəkmişik. Sabah da belə bir şey düşünmək olar.

– Ötən matçın sonlarında gəncləri meydana buraxdız. Bu oyunda onları meydanda görə bilərikmi?
– Hər şey ola bilər. Ötən matçda sonradan meydana daxil olan gənclər bizi sevindirdilər. Kimlərsə razı qalmaya bilər, amma rəqibdən çəkinməmələri bizim üçün xoş oldu. Çempionatda da aşağı-yuxarı onlar oynayacaq. Sabah matçın gedişinə uyğun qərarlar verəcəyik.

– Məşqiniz “Bakcell Arena”da deyil. Hu, ot örtüyünü qorumaq üçündü?
– Bəli. HİK də burda məşq edəcək. Ot örtüyünü həddən artıq yükləmək istəmirik.

– Yeni transferlər gözlənilirmi?
– Transferlər barədə heç nə deyə bilmərəm.

– Harramiz əsasən müdafiənin sağında oynayır. O, hücumda çıxış etsə, sağda Ömər Buludov oynayacaq?
– Ömər də oynaya bilər, Fəhmin də. İsmayıl variantı da mövcuddu. Bugünkü məşqdən sonra qərar verəcəyik. Mirabdullanın durumuna da baxmalıyıq. Ola bilər ki, o, irəlidə oynasın, Harramiz də cinahda. Ümid edək ki, bugünkü məşqdən sonra problem yaşamayaq. Heyətlə bağlı onsuz da kasadlıq var. Bununla bağlı əhvali-ruhiyyənin bir qədər də korlanmasını istəmirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43