Azərbaycan Premyer Liqasında X turun “Neftçi” – “Qarabağ” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı.
O, əvvəlcə matç barədə fikirlərini bildirdi…
– Gözəl oyun oldu. Hər iki komanda yaxşı çıxış etdi. Əgər bu matçı boksla müqayisə etsək, bizdə bir neçə xal daha çox oldu. Çoxlu qol epizodları yaratdıq. Hətta qol da vurduq, ancaq sayılmadı. Futbolçuları bu oyuna görə təbrik edirəm.
– 4 qələbədən sonra heç-heçə etdiz. Çoxlu epizodlar oldu, ancaq fərqlənə bilmədiz. Bu, problemdi, yoxsa müsbət hal kimi dəyərləndirmək də olar?
– Problem o olardı ki, qol epizodları yaratmayaq. Böyük komandaya qarşı bu qədər şans əldə etmək müsbətdi. Hətta qol da vurduq, ancaq sayılmadı. Həmin epizoda baxmaq istədim. Eyni zamanda Turalın yerdə qaldığı epizpodu izləmək istədim. Ancaq hələ mümkün olmayıb. Baxdıqdan sonra fikirlərimi bildirərəm.
– Boks hesabı ilə bir neçə xal öndə olduğunuzu dediz, ancaq futbol dili ilə 8 xallıq fərq davam edir…
– Mənu boks məsələsini zarafatyana dedim. Fikrim komandanın sona qədər yaxşı oyun göstərməsi ilə bağlı idi. 8 xal fərqi böyükdü. Ancaq qarşıda oyunlar var. Növbəti matçlarda maksimum xal toplayıb fərqi azaltmağa çalışacağıq.
– Rəhbərlik komandanın oyunundan və nəticədən razı qaldımı?
– Son 4 matçda qələbə qazanmışıq. Bu gün də heç-heçə etdik. Eyni zamanda komanda gözəl futbol göstərdi. Hesab edirəm ki, rəybərlik də razıdı. Hər oyuna belə yanaşmalıyıq.
– Son qələbənizlə bağlı demişdiz ki, artıq yaralarımızı sağaldıb ayağa qalxmışıq. Bundan sonrakıları necə dəyərləndirə bilərsiz?
– Problem o halda olardı ki, biz uduzardıq. “Qarabağ” Avropa Liqasının qrupunda top-klublara qarşı mübarizə aparır, çox güclü rəqibdi. Bu matç göstərdi ki, komandamızda ciddi problem yoxdu, hər şey yolundadı. Qələbəyə köklənmişdik. Fərqi azaltmaq istəyirdik. Təəssüf ki, alınmadı.
– Oyunun sonlarında meydandan kənarda gərginlik var idi. Nə baş verirdi?
– Sadəcə, Almeydaya qarşı təhlükəli oyun qeydə alınmışdı. Ona başa salmaq istəyirdim ki, bir qədər əvvəl Mustivara qarşı da eyni şey olmuşdu. Xırda anlaşılmazlıq oldu. Oyundan sonra danışıb, yoluna qoyduq.
– “Neftçi” bu gün bir xal qazandı, yoxsa iki xal itirdi?
– Oyundan razı qaldım. Futbolçular son saniyəyə kimi hücuma köklənmişdilər, qələbə qazanmaq istəyirdilər. Deyərdim ki, 2 xal itirdik. İki epizoda bir daha nəzər yetirəcəm. Əgər haqlı qərarlar deyilsə, biz indi qələbəmizdən danışırdıq. Sakit başla baxmaq lazımdı. Bu matç bitdi, gələcək barədə düşünmək lazımdı.