“Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının 3-cü təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdikləri ilk oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb.
– Birinci hissədə oynamağa gec başladıq. Çoxlu top itkilərinə yol verirdik. Onlar da bunu gözləyirdi. Əks-hücumlar üçün şansları yaranırdı. Oyuna gec qoşulmağımızın səbəbini bilmirəm, bəlkə də, gec konsentrasiya olduq.
– Ardıcıl 4 oyunda qalib gəlmək sizi arxayınlaşdırmışdı?
-İnanmıram ki, arxayınlıq olsun. Başa düşürdük ki, bu, üçüncü təsnifat mərhələsidir. Bizi 13 min azarkeş dəstəkləməyə gəlmişdi. Bütün oyun ərzində bizi irəli aparırdılar. Buna görə də bizdə arxayınlıq olmalı deyildi. Çalışarıq ki, cavab matçında daha yaxşı oynayaq və nəticə ilə dönək.
– Əvvəlki 2 mərhələdə qol buraxmayan “Neftçi” bu gün iki qol buraxdı. Bunun səbəbini nədə görürsüz? Bunun səbəbi nə idi?
– Düşünürəm ki, oyuna nəzarəti itirmişdik. Əks-hücumlardan qollar buraxdıq. Onlar bu sistemdə oynayırdılar. Bizim üçün onların oyunu çox problem idi.
– Nəticəni ədalətli hesab edirsiniz?
– Ədalətlidir. Nəticə həmişə ədalətli olur. İkinci oyunda qalib gəlməliyik.
– Buna gücünüz yetəcək?
– Gücümüzün çatmayacağını düşünsək, gərək heç ikinci matçda meydana çıxmayaq. Meydana qələbə qazanmaq üçün çıxacağıq.