21 Dekabr 2024
Kateqoriyasız

“Panatinaikos” fanatları Bakıya gəlməkdən niyə çəkinir?

Yunanıstanın “Panatinaikos” klubu avqustun 20-də Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qəbələ”nin qonağı olacaq. 

İdmanxeber.com-un məlumatına görə, yunanıstanlı futbol azarkeşləri Azərbaycana gəlməkdən ehtiyat edirlər.

Buna səbəb isə “Qəbələ”nin yarımmüdafiəçisi Cavid Hüseynovla jurnalist Rasim Əliyev arasındakı məlum qalmaqalın sonda həmkarımızın ölüm faktı ilə nəticələnməsi göstərilir. Hansı ki, bu xoşagəlməz faktla əlaqədar həm Cavid, həm də onun bu işdə əli olan qohum və tanışları həbs edilib. Üstəlik, yunanları “Qəbələ” ilə Kipr “Apollon”u arasında keçirilmiş oyunlarda baş verən hadisələr də narahat edir.

Bütün bu narahatlıqları nəzərə alan Sport24 Radio 103.3 portalının əməkdaşları Yunanıstanın Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıb. Amma səfirlik əməkdaşları onları əmin ediblər ki, Bakıda təhlükəsizlik yüksək səviyyədədir və həmyerliləri ölkəmizdə heç bir problemlə üzləşməyəcəklər. Yunan diplomatlar ölkələrindəki bəzi mətbuat orqanlarının yazdıqlarının həqiqəti əks etdirmədiyini, azərbaycanlılar sülhsevər və qonaqpərvər olduqlarını diqqətə çatdırıblar.

Səfirlik onu da bəyan edib ki, “Panatinaikos” rəhbərliyi artıq Azərbaycana səfər etməklə bağlı onlara müvafiq sorğu göndərib. Amma klubdan xüsusi təhlükəsizlik tələbi irəli sürülməyib.

Yunanıstanın ölkəmizdəki səfirliyi məlum hadisə ilə də bağlı açıqlama verib. Onlar bildirib ki, jurnalistin futbolçu və onun tanışları tərəfindən döyülərək öldürülməsi Azərbaycanda ilk belə haldır. Həm də bu məsələni Azərbaycan prezidenti İlham Əliyev şəxsən nəzarətə götürüb.

Yunanıstan səfirliyi həmyerlilərini tam əmin etmək üçün arqument də gətirib. Belə ki, onlar bir müddət öncə Azərbaycanda Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu və həmin vaxt heç bir münaqişənin baş vermədiyini diqqətə çatdırıblar.

azerisport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43