Ölkə futbolu

“Premyer Liqa səviyyəsində komanda quracağıq” – “Xəzər Lənkəran 42” rəsmisi

Region Liqasında çıxış edən “Xəzər Lənkəran 42” komandasının I Divizionda mübarizə aparıb-aparmayacağı bəlli deyil.

Bu barədə komandanın rəhbəri Höccət Hacıyev idmanxeber.az saytına açıqlama verib. O bildirib ki, lazımı bütün sənədlər AFFA-ya göndərilib:

“Federasiyadan bizə konkret bir cavab verilməyib. Gözləməyimizi deyiblər. Biz də öz hazırlıqlarımızı görürük. Əgər I Divizionda çıxış etsək, daha yaxşı komanda quracağıq. Çempionatda bizim yetirmələrimiz oynayır. Onları heyətə cəlb etməyi düşünürük.

Lənkəran azarkeşləri hər zaman tələbkardır. Çıxıb hər oyunu uduzan bir komanda yaratmaq fikrimiz yoxdur. Bu halda divizionda mübarizə aparmağın mənası olmaz. Premyer Liqa səviyyəsində komanda yaradacağıq”.

Klub rəsmisi hazırda Lənkəran şəhər stadionunun son durumu barədə də danışıb:

“Xırda bir-iki problem var, ancaq onları həll etmək çətin iş deyil. İnfarstruktur ümumən pis vəziyyətdə deyil. Əgər müsbət qərar çıxsa, lazımı olan bütün işləri görəcəyik”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43