“Hazırda komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Təlim-məşq toplantısının ikinci mərhələsindəyik. Hər şey plan üzrə gedir. Heyət baxımından da güclənirik. Demək olar ki, hər gün yeni oyunçular komandaya qoşulur. İstər xarici olsun, istər yerli. Bildiyim qədəri ilə yenə transferlər olacaq”.
Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in futbolçusu Elvin Yunuszadə deyib. Təcrübəli oyunçu komandanın zaman keçdikcə daha yaxşı olacağını və uğurlu çıxış edəcəyini bildirib:
“Sonuncu yoxlama görüşündə məğlub olsaq da, oyunda irəliləyiş olduğu göz qabağında idi. Biz göstərdik ki, Premyer Liqada çıxış etmək gücümüz var. Əlbəttə, səhvlərimiz də olur. Çalışıb onları aradan qaldırmalıyıq. “Kəpəz” böyük klubdur, Azərbaycanda ayrı bir yeri var. Gəncə kimi şəhərin komandası öz sözünü deməlidir. Təbii ki, bu gün çempionluqdan danışsaq, real olmaz. Ancaq avrokuboklara vəsiqə qazansaq, “Kəpəz” üçün çempionluq qədər uğurlu nəticə sayılar. Çünki burada futbola qarşı tələb, istək böyükdür. Bu, çox yaxşı haldır.
Hələlik hazırlıqlarımızı Bakıda davam etdiririk. Burada hər şey qaydasındadır. Gəncəyə nə vaxt qayıdacağımızı heç kim bilmir. Bazanın bu yaxınlarda hazır olması gözlənilir. Ancaq çempionata çatıb-çatmayacağı bəlli deyil. Hazırda orada iş gedir, ümid edirik yaxın vaxtda düzələr. Çünki futbolçular üçün baza çöx önəmlidir”.
Həsən Quluzadə