AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı dördüncü yazısı
Futbolun bəzəyi qoldur. Ancaq onun dadı-duzu azarkeşlərdir. Məhz azarkeşinin sayına görə bu gün futbol idmanın şahı hesab olunur. Tərəfdar bolluğu sayəsində bu idman növü dünyanın ən çox gəlir gətirən sahələrindən birinə çevrilib. Futbol gəlirə görə də idmanda liderdir. Klubların gəlirlərində bilet satışından əldə olunan qazanc önəmli yer tutur. Azarkeşsiz futbol kimə lazımdır ki? Diqqət yetirsəniz görərsiniz ki, azarkeşsiz və ya çox az sayda fanatın izlədiyi oyunlar o qədər də maraqlı keçmir. Ancaq anşlaq yaşanan arenalardakı görüşlər bir xeyli zövqlü və baxımlı futbol izlənilir. Bu isə onu göstərir ki, azarkeş həm də futbolçular üçün çox vacib motivatordur. Dolu tribunalar meydanda var-gəl edənlər üçün əsl motivasiya qaynağıdır. Nahaq yerə azarkeşə “12-ci oyunçu” demirlər ki…
Təəssüf ki, Azərbaycan futbolunun yaralı yerlərindən biri azarkeş problemidir. İllərdir ki, tribunalarımız azarkeşə həsrətdir. Axırıncı dəfə nə vaxt hansısa arenanın yerli çempionatın qarşılaşması zamanı tam dolduğunu belə xatırlamırıq. Halbuki futbolumuzdakı inqilabdan sonra belə problem yaşanmırdı. Tribunalardakı anşlaq meydandakı mübarizəni də qızışdırırdı. Bu səbəbdən çempionluq uğrunda ən azı 4-5 klub mübarizə aparırdı. İldən-ilə geriləyirik. Premyer Liqada klubların sayı azaldıqca tribunalar da boşalır. Bunun səbəbini və problemin həlli yolunu ən sonda qeyd edəcəyik. Ancaq ən əvvəl 2016/17 mövsümündə çempionat oyunlarda azarkeşlərlə bağlı statistik məqamları diqqətinizə çatdırım.
Orta hesabla hər oyuna 2015 tamaşaçı
Bu mövsüm ölkə çempionatı çərçivəsində keçirilən 112 matçda tribunalara 225774 azarkeş toplaşıb. Bu da orta hesabla hər oyuna 2015 tamaşaçı deməkdir. Bu mövsüm ötən mövsümün kölgəsində qalıb. Onu da qeyd edək ki, rəqəmlər PFL-in rəsmi saytında qeyd olunan oyunların protokolundan götürülüb. AFFA nümayəndələrinin protokola yazdığı rəqəmlərə əsasən fikir yürüdürük. Amma onu da vurğulamaq lazımdır ki, ölkəmizdə bu sistem gözəyarı hesablama ilə aparılır. Belə olan halda yanlış rəqəmlər ortaya çıxa bilər ki, buna görə məsuliyyəti ilk növbədə klublar daşıyır. Çünki bilet satışı sistemi demək olar ki, işləmir. Yalnız “Neftçi” bütün ev oyunlarında bilet satışını həyata keçirir. Ancaq buna görə digər klubları qınamaq da olmur. Çünki adi vaxtda azarkeş gəlmirsə, bilet satışından sonra ümumiyyətlə, tamaşaçılar stadionlardan uzaq düşər. Nə isə. Mövzudan çox uzaqlaşmayım. Dövrələr üzrə azarkeşlərin sayını da izləmişik. İlk dövrədə tribunalara 55828, ikinci dövrədə 44600, üçüncü dövrədə 47250, dördüncü dövrədə isə 78096 azarkeş toplaşıb. Göründüyü kimi, məhsuldarlıq sarıdan sonuncu dövrə aşkar liderdir. Bunun da 2 səbəbi var. Birincisi, “Kəpəz” 4-cü dövrədə oyunlarının əksəriyyətini evdə keçirib. Gəncədə isə tribunalarda daha çox azarkeş olur. İkincisi, “Qarabağ” çempionluq yolunda həlledici oyun sayılan “Qəbələ” ilə son qarşılaşmanı Tofiq Bəhramov adına Respublika stadionunda keçirdi ki, bu da xeyli tamaşaçının mərkəzi arenaya axışmasına səbəb oldu. Nəticədə 4-cü dövrə azarkeş bolluğu sarıdan liderliyi ələ keçirdi. Turlar üzrə müqayisə aparsaq, 25-ci turun aşkar fərqlə lider olduğunu görərik. Bu da yuxarıda qeyd etdiyimiz oyunun həmin tura təsadüf etməsindən qaynaqlanır. Belə ki, bu turda 4 oyunu ümumilikdə 20300 azarkeş canlı izləyib. Ən çox tamaşaçını özünə cəlb edən qarşılaşma 6-cı turun “Kəpəz” – “Qarabağ” matçı olub. Həmin görüşdə Gəncə şəhər stadionunun tribunalarına 14238 azarkeş toplaşıb. Minimum say isə 3 oyunda qeydə alınıb. 13-cü turun AZAL – “Sumqayıt, 14-cü turun “Neftçi” – AZAL və 28-ci turun AZAL – “Zirə” qarşılaşmalarının hər birinə cəmi 150 tamaşaçı gəlib.
1. Kəpəz
İndi isə 8 Premyer Liqa iştirakçısının azarkeş sayına görə sıralamasına nəzər yetirək. Ötən mövsüm olduğu kimi, “Kəpəz” liderliyini qoruyur. “Sarı-göylər” nahaq yerə Azərbaycan futbolunun Məkkəsi adlandırılmır. Gəncə həqiqətən futbol mədəniyyəti zəngin olan, futbolla yatıb-qalxan şəhər olduğunu növbəti dəfə isbatlayır. Hələ bu klub ortabablar sırasındadır. Buna baxmayaraq aşkar liderdir. Gör indi çempionluğa oynasa, nə qədər azarkeş gələr. Yəqin ki, tribunalarda boş yer qalmaz. Bu mövsüm 14 ev oyununda “Kəpəz”i 113338 azarkeş dəstəkləyib. Bu da hər oyuna 8095 tamaşaçı deməkdir. Yuxarıda da qeyd etdiyim kimi, 6-cı turda “Qarabağ”la oyun tamaşaçı sarıdan mövsümün rekordudur. Maraqlıdır ki, gəncəlilərin ən az maraq göstərdiyi qarşılaşma da Qurban Qurbanovun komandasıyla görüş olub. 18-ci turun matçına cəmi 2000 azarkeş gəlib.
2. Qarabağ
Çempionluğa gedən yolda “Qarabağ”a azarkeş dəstəyi böyük kömək olub. Bakıda məskunlaşan qaçqın komanda bu göstəricidə yalnız “Kəpəz”ə uduzur. 14 ev oyununda Ağdam klubunu 25650 tamaşaçı seyr edib. Bu da orta hesabla hər matça 1832 azarkeş deməkdir. “Qarabağ” bu mövsüm doğma meydan kimi 3 stadionun xidmətindən istifadə edib. Əksər oyunlarını “Azərsun Arena”da keçirən “Qarabağ” mövsümün əvvəllərində “Əlincə Arena”, bir oyunda isə Tofiq Bəhramov adına Respublika stadionunun xidmətindən yararlanıb. Mərkəzi arenada “Qəbələ”ylə çempionluğun taleyini həll edən qarşılaşmanı 8000 azarkeş izləyib ki, bu göstərici “Qarabağ” azarkeş ordusuna görə 2-ci pilləyə yüksəldib.
3. Sumqayıt
Bu mövsüm sumqayıtlıların üzü güldü. Çünki “Sumqayıt” yaranandan hələ belə uğurlu çıxış etməmişdi. Zarafat deyil, Samir Abasovun komandası az qala Avroliqaya vəsiqə qazanacaqdı. Ancaq son turlarda itirilən xallar gənclik şəhərinin təmsilçisini tarixi uğurdan kənarda qoydu. İstənilən halda, komanda 35 xal toplamaqla çoxlarını təəccübləndirə bildi. Elitada legionersiz yeganə komanda olan “Sumqayıt” gənc futbolçularla özünə qarşı rəğbət oyada bildi. Bunda azarkeşlərin də rolu az olmadı. Bu mövsüm əksər oyunlarda bu komanda dolu tribunalar qarşısında ev oyunlarını keçirdi. Ümumilikdə Sumqayıtdakı görüşlərə 19872 tamaşaçı toplaşıb. Deməli, orta hesabla bu şəhərdəki hər çempionat qarşılaşmasını 1419 nəfər izləyib. “Sumqayıt” azarkeş sayına görə ilk “3-lüy”ü qapayır.
4. Qəbələ
Bölgə təmsilçisi də bu mövsüm 3 stadionun xidmətindən yararlanıb. “Qırmızı-qaralar” ilk 2 ev oyununu “Dalğa Arena”da keçirib. “Əlincə” stadionuna da baş çəkən Roman Qriqorçukun yetirmələri qalan matçları doğma azarkeşləri önündə – Qəbələdə keçirib. Bu mövsüm növbəti dəfə bəlli oldu ki, qəbələlilər üçün futbol 2, 3, 4, bəlkə də 5-ci dərəcəli bir şeydir. Bir klub daha hansı uğura imza atmalıdır ki, tribunaları dolub-daşsın?! Ardıcıl 2 dəfə Avropa Liqasının qrup mərhələsinə yüksələn, “Maribor” və “Lill” kimi tanınmış klubları mübarizədən kənarlaşdıran bir kluba belə biganə münasibəti anlamaq çətindir. Bir daha bəlli olur ki, Qəbələ futbol şəhəri deyil. Futbol mədəniyyətinin, ənənələrinin olmaması bunun əsas səbəbidir. “Qəbələ”ni bu mövsüm evdə 19700 azarkeş dəstəkləyib. Bu da hər oyuna 1407 tamaşaçı edir.
5. Neftçi
80 illik yubileyi “Neftçi” üçün ağır gəldi. Tarixinin ən uğursuz, ən bərbad mövsümünü keçirən “ağ-qaralar” mövsümə Vəli Qasımovun rəhbərliyi altında başladı. Ardıcıl biabırçı məğlubiyyətlərdən sonra Elxan Abdullayev sükan arxasına əyləşdi. Ancaq Ruslan Abdullayevin oğlu da flaqmanı komadan çıxara bilmədi. Üstəlik, onun dövründə azarkeşlərlə problem yaşandı. Əvvəlcə Katalin Tira meydana çıxan “Neftçi” azarkeşini “Qarabağ” fanatı bilib vurdu. Buna görə rumıniyalı hücumçu klubdan qovuldu. Ancaq mövsümün sonlarına yaxın “istefa” şüarlarına dözməyən Elxan Abdullayev fanatları küsdürən açıqlama verdi. “Forza Neftçi”ni xuliqanlar adlandıran baş məşqçi fanklubu stadiondan perik saldı. Bununla belə, yenə “Neftçi” azarkeşləri komandalarını mövsüm boyunca dəstəksiz qoymadı. Acı nəticələrə baxmayaraq, azarkeşlər “Bakcell Arena”nın yerini tuturdu. Ümumilikdə 16800 tamaşaçı bu komandanın ev oyunlarını izləyib ki, bu da orta hesabla hər oyuna 1200 azarkeş deməkdi.
6. Zirə
Ötən mövsüm sürpriz edərək debütdəcə Premyer Liqada gümüş medal qazanan “Zirə” bu il gözləniləni vermədi. Adil Şükürov qışa qədər sabit nəticə əldə edə bilmədiyindən rəhbərlik onu Ayxan Abbasovla əvəzlədi. Gənc mütəxəssis komandanı dirildib, son anda Avroliqaya vəsiqə əldə edə bildi. Azarkeş sarıdan nisbi azalma müşahidə olundu. Hər halda, ötən mövsümlə müqayisə apardıqda belə qənaətə gəlmək mümkün olur. “Zirə”nin 14 ev oyununa 13800 nəfər gəlib. Hər oyunu 986 azarkeş canlı izləyib.
7. İnter
Mövsümə çox yaxşı başlayan “ağ-göylər” maliyyə problemləri yarandıqdan sonra çempionluq savaşından əl çəkdi. Çətin vəziyyətə baxmayaraq, Zaur Svanadzenin yetirmələri bürünc medal qazana bildi. Ancaq “İnter” yenə də azarkeş qıtlığıyla üzləşdi. Paytaxtın ən az dəstək görən klubları sırasında olan “ağ-göylər” demək olar ki, “12-ci oyunçu” xidməti görmür. Bu komandanın ev oyunlarını 11484 azarkeş canlı izləyib. Deməli, “İnter Arena”dakı hər qarşılaşmaya orta hesabla 820 nəfər toplaşıb.
8. AZAL
Elitada yerini qoruya bilməyən “təyyarəçilər” azarkeş sarıdan da qıtlıq yaşadı. Ötən mövsüm Şüvəlandakı heç bir oyunda rəqiblərinə uduzmayan AZAL bu dəfə doğma meydan amilindən yararlana bilmədi. Tərlan Əhmədovun komandasının “AZAL Arena”dakı matçlarını ümumilikdə 5130 nəfər izləyib. Bu da orta hesabla hər oyuna 366 azarkeş edir. Ancaq bu yerdə bir məqamı qeyd etmək lazımdır. Bu tamaşaçıların əksəriyyəti qonaq azarkeşlərdir.
Azarkeşlər çempionata niyə maraq göstərmir?
Bunun ən başlıca səbəbi elitada bölgə təmsilçilərinin sayının az olmasıdır. “Xəzər Lənkəran”lı dövrlərini unutmasız. “Böyük oyun”a 25 min azarkeş gəlirdi. “Fırtınalar meydanı”nda isə çox vaxt anşlaq yaşanırdı. Tovuz, Mingəçevir, Qusar, Lənkəran, Yevlax və sair futbol ənənəsi olan bölgələr Premyer Liqada təmsil olunmalıdır. Bax o zaman 2004-11-ci illərdəki böyük azarkeş ordusu yenidən tribunalara dönəcək. Əlbəttə, bu məsələdə təbliğatın da böyük rolu var. Təkcə idman kanalları yox, digər televiziyalar da yerli futboldan bəhs edən həftəlik verilişlər açmalıdır. Bu ölkənin hər il 2 klubu Avroliqanın qrupunda oynayırsa, o zaman yerli çempionatda da azarkeş bolluğu yaşanmalıdır. Əks halda, sürətli inkişafdan danışmağa dəyməz.
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.