Ölkə futbolu

“Qəbələ” AFFA-dan inciyib: “Ən azından xəbərdarlıq ola bilərdi”

“Bu mövsüm ərzində ikinci dəfədir azarkeşlərə görə cərimələnirik. Apellyasiya şikayəti verməməyimizə səbəb günahı özümüzdə axtarmaq istəməyimiz oldu”.

Bu fikirləri İdmanxeber.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Nail Kərimov deyib.

Misli Premyer Liqasının XII turunda keçirilmiş “Sabah” – “Qəbələ” (2:1) görüşündə hər iki komandanın azarkeşləri arasında kütləvi intizamsızlığın baş verməsi səbəbindən AFFA İntizam Komitəsi klubların hər birini 4000 manat cərimə etmişdi. İK əlavə olaraq “Qəbələ”nin XIII turundakı ev matçı – “Zirə” ilə görüşü azarkeşsiz keçirmək qərarını qəbul etmişdi.

Klub rəsmisi AFFA-nın bu qərarından sonra apellyasiya şikayəti verməmələrinə səbəb kimi bunları dedi:

“Daima biz bu məsələni PFL və AFFA-nın nümayəndələri ilə müzakirə edirik ki, azarkeşlərin davaranışlarına görə klublara verilən cərimələr bir daha gözdən keçirilsin. Çünki bizim tərəfdarlara təsir qüvvəmiz ancaq tövsiyyə xarakterlidir. Bundan kənara çıxmaq gücümüz yoxdur, onlar müstəqil qruplardır. Klubla hər hansı bir bağlılıqları yoxdur. Ev oyunumuzun azarkeşsiz keçirilmə qərarına şikayət verməməyimiz bir az da vaxt məsələsinə görə oldu. Cəmi iki gün vaxt var idi. Bu da həmin məqamları toplayıb müraciət etməyimiz üçün qısa vaxt idi. Həm də yuxarıda qeyd etdiyim kimi, özümüzdə də səhv axtarmaq istədik. Bizə görə, ən azından xəbərdarlıq ola bilərdi. Ki, əgər eyni hal bir də təkrarlansa, ev oyununuz azarkeşsiz keçiləcək. Təəssüf ki, belə olmadı. Artıq hər şey ötüb keçib. Bundan sonra çalışacağıq ki, azarkeşlərə maksimum tövsiyyə verək. Bundan öncə də olduğu kimi. Ancaq eyni zamanda həmin o məcəlləyə yenidən baxılması yönündə də danışıqlarımız davam edəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43