Azərbaycan Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…
– Gərgin və maraqlı oyun keçdi. Görünürdü ki, meydanda olan komandalar uduzmaq istəmir. Qalib gəlmək istədiyimiz prinsipial oyun idi. Təəssüf ki, qələbə qazana bilmədik. Rəqib etdiyimiz səhvləri bizə bağışlamadı. Uşaqların göstərdiyi əzm, istək, ruh da bir başlanğıcdı ki, gələcəyə ümid verir. Qalan şeyləri də düzəltsək, daha yaxşı ola bilərik. Tək oyunçuların keyfiyyəti ilə yox, istək, ruh da vacibdi. “Sabah”la oyunda bu çatışmadı və kubokda işimizi çətinə saldıq. Bu gün isə hər şey fərqli idi. Yeni transferlərimiz buna alışsalar, daha yaxşı “Neftçi” görəcəyik.
– “Qarabağ” xal fərqini xeyli artırdı. Çempionluq atıq möcüzədimi?
– Özünüzü mənim yerimə qoyun, indi nəsə demək həddən artıq çətindi. Reallıqları qəbul etsək, çətindi, mümkünsüzə yaxın bir şeydi. İndi nəsə desəm, “Neftçi”nin baş məşqçisi kimi məni düz anlamayacaqlar. Hər oyuna qalib ruhu ilə çıxacağımızı deyə bilərəm.
– Yay transferləri uğursuz oldu. Qışda gələn oyunçularla da iki matçda qələbə qazanmamısız. Bundan sonrakı mümkün uğursuzluqların fonunda
– Yay transferlərinin uğursuz olduğunu deməzdim. 1-2 oyunçunun keçidi alınmaya bilər. Belə şeylər digər komandalarda da olur. İstəsəz, ad da çəkə bilərəm. Ən üzüldüyüm Romen Baskın getməsi oldu. Hansı ki, indi bizə hava-su kimi lazımdı. Göndərdiyimiz Harramizdi, Korreadı. Bundan sonra oynamalıyıq. Uğursuzluq olsa, nə baş verəcək? Rəhbərlik nə qərar versə, o da olacaq. Mən deyirəm ki, vaxt lazımdı. Anlamaq lazımdı, mən özümə vaxt istəmirəm. Baş məşqçi ümumiyyətlə bundan danışa bilməz. Hər bir klubda belədi. Yeni gələn futbolçuların uyğunlaşması üçün vaxt lazımdı. İndi onları baltalayıb kəsməklə olmur.
– Hər dəfə Harramiz barədə soruşur, siz isə onu müdafiə edirdiz. İndi isə göndərdiyinizi deyirsiz. Bir də Xəyal yenə 90 dəqiq meydanda idi. Onun oyunu effektiv idimi?
– Harramız bizim uğursuz transferlərimizdən idi. Oyunçu komandadadısa, onun haqqında pis danışa bilmərəm. Özü də yaxılanları oxuyur. Xəyal bu gün yetərincə yaxşı idi.
– Yusuf Laval ötən mövsümlə müqayisədə formadan düşüb?
– Yox. Mövqeyini dəyişmişik. İndi 4-3-3, 4-2-2 oynayırıq. Ona diqqət daha da artıb. Başqa oyuna əl atmalıdı ki, belə problemlər yaşamasın. Əvvəl daha çox boşluq əldə edirdi, indi çətinliklərlə üzləşir. Ən önəmli oyunçularımızdan biridi. Ona xaricdən də diqqətlər çoxdu.
– Azər qısa zaman oynadı. Bu, sizə gələcəyə dair ümid verdi?
– Onun hazırlığından çox şey asılıdı. Fiziki durumunu pik nöqtəyə gətirməyə vaxtımız yoxdu. Həddən artıq yükləyib, riskə atmaq da istəmirik. Oyunlarla bu periodu keçməlidi.
– İlk zərbəni 69-cu dəqiqədə vurduz. Bunun səbəbi nə idi?
– Rəqibin oyunundan da çox şey asılıdı. Həddən artıq sıx, kompakt oynayırdılar. Bunları analiz etməliyik. İndi nəsə demək çox çətindi.
– İki mərkəz müdafiəçini çıxarıb qəribə sistem qurmuşduz. Bu nə idi?
– Kitab oxuyun da. Sistem həminki idi. Müdafiəçiləri çıxarıb, Patnu sağ cinah, Azəri sol cinaha qoyduq. Fikrimiz əlimizdə olan hücumameyilli futbolçularla irəlidə daha aktiv olmaq idi.
– Yeni transferlər gedənlərin yerini doldura biləcəkmi?
– Sabirlə Kanenin yerini doldurmaq çətindi. Onları itirmək həddən artıq böyük zərbə oldu. Edəcəyimiz bir şey yox idi. Həmin tip futbolçular deyil. Eddi İsrafilovdan öz bacarığına görə istifadə etməliyik.
– Bundan sonra bütün fikirləri kuboka yönəltmək daha yaxşı olmazmı?
– Kuboku qazanıb, çempionatda 3-4-cü olsaq, heç kim bunu qəbul etməyəcək. Azarkeşlərin istədiyi hər oyunda əzmkar mübarizə və qələbədi.