“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə cavab oyunundan öncə azarkeşlərə müraciət edib.
İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi sosial şəbəkə hesablarında paylaşdığı videomaterial ilə fanatları saat 20:00-da başlayacaq matça 2 saat əvvəl gəlməyə çağırıb. “Qarabağ” azarkeşlərin rahatlığını düşünərək Tofiq Bəhramov adına Respublika Stadionunun giriş qapılarının sayını 3-ə yüksəldib. Matça gələcək insanlar A, B, C girişlərindən istifadə edə bilərlər. Bildirilib ki, 11-27-ci sektorlar aralığı bilet sahibləri A girişindən, 1-10-cu və 29-38-cu sektorlar aralığı bilet sahibləri isə B girişindən stadiona daxil ola bilərlər. C girişi yalnız akkreditə olunmuş şəxslər, mediya nümayəndələri və qonaq komandanın azarkeşləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, stadionda görüşdən əvvəl – saat 18:30-dan etibarən Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı olacaq. Həmçinin “Bakı Metropoliteni” QSC oyunla əlaqədar bu gün gücləndirilmiş rejimdə işləyəcəklərini bildirib.