“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində “Olimpiya”nı üstələyərək növbəti dəfə qruplara vəsiqə qazandı. Təmsilçimiz Sloveniya klubuna qarşı ilk görüşdə səfərdə 2:0 hesabı ilə qalib gəldi. Cavab matçında isə heç-heçə (1:1) edən “Köhlən atlar” avrokuboklarda ardıcıl 10-cu dəfə qrup mərhələsinə yüksəldi.
Ağdam təmsilçisi Sloveniyadakı oyundan fərqli olaraq, Bakıda rəqibinə qarşı ciddi imkanlar əldə edə bilmədi. İki oyunun statiskasını baxsaq, rəqəmlər arasında fərq görünür. Belə ki, təmsilçimiz Lyublyanadakı matçda rəqib qapısında 10 dəfə təhlükə yaradıb. Bunlardan 4-ü çərçivəni tapsa da, digər cəhdlər qapıdan kənar keçib. Qapıya dəqiq gedən zərbələrdən ikisi qolla nəticələnib.
Bakıdakı matçda isə “Qarabağ” “Olimpiya”nın qapısını ilk görüşdəki qədər narahat etməyib. Oyun ərzində 6 dəfə qol həmləsi edən Ağdam klubunun yalnız bir zərbəsi çərçivənı tapıb. Elə həmin zərbə də Toral Bayramovun yerinə yetirdiyi penaltidir ki, qolla nəticələnib. Sloveniya klubu isə cavab görüşündə qapıya 3 zərbə vursa da, bunlardan ikisi Luka Quqeşaşvilini çətinə salıb. Gürcü qolkiper bu zərbələrdən birini dəf etsə, digərinə mane ola bilməyib.
Topa sahib olma isə hər iki görüşdə də Qurban Qurbanovun yetirmələrinin üstünlüyü ilə bitib. Təmsilçimiz 52-48 faizlə topu daha çox özündə saxlayıb. Komandamız küncdən zərəbələrdə isə stabil qrafik cızıb. Hər iki matçda 7 dəfə “corner” vurub. Rəqib isə iki matçda cəmi 5 dəfə küncdən zərbə yerinə yetirib. 180 dəqiqə ərzində hər iki komanda eyni sayda – 4 dəfə oyundan kənar vəziyyətdə qalıb.
İdmanxeber.az