22 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ” yarımmüdafiəçi transfer edəcək – Qurbanov açıqladı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın II turunda evdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

İdmanxeber.az xəbər verir ki, 47 yaşlı mütəxəssis futbolçuların çıxışları barədə danışıb:

“Futbolçuları təbrik edirəm. Hər matç bizim üçün vacibdir. Oyunçular nizam-intizamı saxladılar. Rəqibə və baş məşqçiləri Sənan Qurbanova uğurlar arzulayıram. Araz Abdullayev görüşdə həvəssiz deyildi. Maqaye Qeyenin yaxşı keyfiyyətlərini bu gün gördüm. Hazırda formasından uzaqdır. Oyunçular bir-birini yaxşı başa düşdülər. Qarşıda daha yaxşı Qeye görə bilərik”.

Təcrübəli məşqçi zədəli oyunçuların durumu barədə də məlumat verib: “Bədavi Hüseynov fərdi məşqləri gücləndirib. Hələ ki, hazır deyil və bir az düzəlib. O, iki dəfə ardıcıl zədə aldı. Buna görə də diqqətli olmalıyıq. Yığmanın oyunları ilə bağlı fasilədən sonra onu meydanda görə bilərik. Filib Ozobiç isə 2 ay olmayacaq. İndi Xorvatiyadadır. Bir neçə həkimlə məsləhətləşdik. Zədəsi ağırdır.  Düşünürəm ki, əməliyyat olunmayacaq və bir aydan sonra fərdi məşqlərə başlaya bilər”.

Qurbanov yeni oyunçu axtarışında olduqlarını sözlərinə əlavə edib: “Biz transfer axtarışındayıq. Yarımmüdafiəçi istəyirik. Avropa Liqasının qrupuna düşsək də, düşməsək də, orta xəttə oyunçu istəyirik”.

Məşqçi gənc oyunçu İsmayıl İbrahimli haqqında da xoş fikirlər söyləyib: “Mənim onun barədə fikrim pozitivdir. Oyun üslubumuza tam uyğundur. Amma iki oyunda meydanda olmaq tam hazır olmaq demək deyil. Daha çox işləməlidir. İsmayılın futbol mentaliteti yaxşıdır. Bizim kollektivə uyğun futbolçudur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43