“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, ötən gün komanda bir məşqə çıxıb.
Qurban Qurbanovun yetirmələri məşqə yerli vaxtla 10:30-da (Bakı vaxtıyla 13:30) yollanıb. Komandanın hazırlığı 100 dəqiqə davam etdi. Bu məşq fiziki hazırlığın təkmilləşməsi üzərinə qurulub. Yüngül isinmə hərəkətlərinin ardından meydanboyu qurulmuş məneələri dəf edərək qapıya zərbələr üzərində çalışılıb. Olduqca yüksək tempdə davam edən çalışma yüngül qaçışla başa çatıb.
Komandanın məşqində Rəşad Sadıqov yenə də fizioterapevt nəzarətində çalışıb. “Şaxtyor”la oyunda yüngül zədə alan komandanın yeni transferi Danilo Dias da kollektiv çalışmalarda iştirak etməyib. Amma braziliyalının zədəsi ciddi deyil.
Bu arada “Qarabağ”ın təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci hazırlıq matçının başlama saatı müəyyənləşib. Komanda ayın 28-də Rusiya “Krasnodar”ı ilə saat 16:00-da (Bakı vaxtıyla 19:00) qarşılaşacaq.