“Bizi çətin oyun gözləyəcəyini bilirdik. Meydançanın durumu yaxşı deyildi. Ancaq buna hazır idik”. Bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib
“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə “Keşlə” üzərində qələbə qazanıb – 2:1.
Matçdan sonra baş tutan mətbuat konfransında iştirak edən italiyalı çalışdırıcı fikirlərini bildirib: “Bir neçə imkanımız olsa da, yararlana bilmirdik. Sonda penaltidən vurduğumuz qol sayəsində qələbə qazandıq. Futbolçularımı təbrik edirəm”.
– Oyunun bu qədər çətin keçəcəyini gözləyirdiniz?
– Meydança amili oyunu çətinləşdirirdi. Hər iki komanda üçün top saxlamaq çətin idi. Qələbə qazandığımız üçün sevinirik.
– Mirabdulla Abbasov həvəsiz görünür. Bunun səbəbi nədi?
– Mən belə düşünmürəm. Oyunda olduğu müddətdə komandaya xeyri dəydi. Hətta qol da vura bilərdi.
– Necə düşünürsünüz, əsas rəqibiniz “Qarabağ” “Sumqayıt”la oyunda xal itirə bilər?
– Əlbəttə, çempionatın hər bir oyunu çətin keçir. Ancaq mən öz komandam barədə düşünürəm. Qələbəni qeyd etməliyik. “Qarabağ”ın hansı nəticə əldə etməsi məni düşündürmür.