“Yanq Boyz” klubunun idman direktoru Freddi Bikel Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyunu şərh edib.
İdmanxeber.com-un məlumatına görə, o, komandasının məğlubiyyətini baş məşqçi amili ilə bağlayıb:
“Futbolçularımız əsəbi idi. Sanki onlar özlərinə inanmırdı. Buraxılan qoldan sonra isə komandamızda problemlər daha qabarıq hiss olundu. Ümumiyyətlə, sadaladıqlarım qorxulu bir səhnə idi. Bu da o deməkdir ki, nəsə etməliyik. “Qarabağ”la oyun göstərdi ki, baş məşqçi ilə bağlı təcili addım atmalıyıq. Cavab matçında komandaya kimin rəhbərlik edəcəyi hələlik bilinmir. Həmin şəxs mövsümün sonuna qədər bizimlə çalışmalıdır”.
“Qarabağ”la Bakıda keçiriləcək cavab matçına da toxunan F. Bikel komandasının qrup mərhələsinə yüksəlmək şansının olduğunu qeyd edib:
“Mərhələ adlamaq şansımızı hələ itirməmişik. Hiss edirəm ki, futbolçularımız buna qadirdir”.
Xatırladaq ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.