Yanvarın 16-dan Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici komandası ikinci yoxlama oyununu keçirib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq planında dəyişiklik edilən “qırmızı-qaralar” yerli “Antalyaspor”un əvəzedici heyəti ilə üz-üzə gəlib.
Komandanın baş məşqçisi Ramin Quliyev bu qarşılaşmada aşağıdakı start heyətinə şans verib: Murad Popov, Murad Musayev, Tural Məmmərzayev, Amin Seydiyev, Yusif Nəbiyev, Emin Zamanov, Qismət Alıyev, Ramil Hasanov, Roman Hüseynov, Sahil Mirzəyev, Ülvi İbazadə.
Oyunun gedişində Ülvi İsgəndərov İbazadəni, Əziz İsmayılov Seydiyevi, Rövlan Muradov Mirzəyevi, Hacıağa Hacılı Zamanovu, Vəzir Musayev Məmmərzayevi əvəzləyib.
İlk dəqiqələrdən üstünlüyü ələ alan “Qəbələ” oyunun fasiləsinədək rəqib qapısından iki qol keçirib. Komandanın heyətində Ramil Hasanovla Emin Zamanov fərqləniblər.
Fasilədən sonra isə Rövlan Muradov antalyalıların qapısına yol tapıb. Türkiyə təmsilçisi bu üç qoldan yalnız birinin əvəzini çıxa bilib. Beləliklə, ilk oyununda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun gənclərdən ibarət komandasına 0:1 hesabı ilə uduzan “qırmızı qaralar” hazırlıqları 3:1 hesablı qələbə ilə tamamlayıb. Bu matçla yoxlama oyunlarını başa vuran komanda yanvarın 23-də vətənə dönəcək.