“Bizim üçün konkret situasiya yaranıb. Komandamdan məşqlərdə gördüyümdən daha çox şey gözləyirəm”.
İdmanxeber.com-un məlumatına görə, bunu PAOK-un baş məşqçisi İqor Tudor deyib.
“Qəbələ” ilə qarşılaşacaq Yunanıstan klubunun xorvat çalışdırıcısı oyunöncəsi mətbuat konfransında matçla bağlı fikirlərini açıqlayıb:
“İşimizin nəticəsini sabah görəcəyik. Futbolda psixologiya vacib şərtdi və bu, məşqçi işinin bir hissəsidi. Mənim üçün bütün oyunçular eynidi, adların heç bir əhəmiyyəti yoxdu. Sabah onların arasından 11 nəfər seçəcəm və o oyunçular əllərindən gələni edəcəklər. Sadəcə, əldə etdiyimiz şanslardan istifadə etməyi bacarmalıyıq. Oyun ərzində 4-5 qol vəziyyəti yaradırıq. İmkanlardan istifadə edə bilməsək, bizim üçün çox çətin olacaq.
37 yaşlı çalışdırıcı qrupdan çıxmaq şanslarının az olduğunu etiraf edərək, heç nəyə baxmayaraq sona qədər mübarizə aparacaqlarını deyib: “Qrupdakı vəziyyətimiz göz önündədir. Bu oyunda mütləq qələbə qazanmalıyıq. Anlayırıq ki, rəqibin son şanslarıdır. Etiraf edirəm ki, “Qəbələ”ni udsaq belə, qrupdan çıxmaq şansımız çox cüzi olacaq. Amma əlimizi yanımıza salıb dayanmayacağıq. Sona qədər mübarizə aparmalıyıq. Nə olur olsun”.