“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Avroliqanın qrup mərhələsinin II turunun sabah “Krasnodar”la keçiriləcək səfər matçı öncəssi ümidli danışıb.
Klub rəssmisi İdmanxeber.com-un Rusiyaya ezam olunmuş əməkdaşına verdiyi açıqlamada “qırmızı-qaralar”ın səfərdə qələbə qazanacağına inandığına bildirib:
“Komandada yaxşı mühit var. Bununla belə, “Krasnodar”ın heyətinə və oyun üslubuna baxanda, bilirik ki, bizi çətin oyun gözləyir. Ancaq əlimizdən gələni edərək səfərdən ən azı heç-heçə ilə qayıtmağa çalışacağıq.
Bu günə qədər Avropa Liqasında göstərdiyimiz nəticələrə nəzər salsaq, “Krasnodar”a qalib gəlməyimiz sensasiya sayılmamalıdır. Çünki turnirdə kifayət qədər təcrübə toplamışıq. Lakin səfərdə qələbə qazanmaq çox çətin olacaq. Rəqibimiz güclüdür. Bununla belə, komandaya inamımız böyükdür. Klubun prezidenti Tale Heydərov da komandanı dəstəkləmək üçün Rusiyaya gələcək”.
Qeyd edək ki, sabah keçiriləcək “Krasnodar” – “Qəbələ” oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.