21 Dekabr 2024
Kateqoriyasız

Qriqorçuk:”Mən səhərə kimi oynamağa hazıram”

“Bu cür oyunlarda uğursuz keçinmək mümkün deyil. “Panatinaikos”la oyuna adi qaydada hazırlaşmışıq. Nəzərə almaq lazımdır ki, son vaxtlar biz sıx qrafikdə oynayırıq”.

İdmanxeber.com qol.az-a istinaədn xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının “pley-off” mərhələsində səfərdə “Panatinaikos”la cavab oyunu öncəsi  deyib.

O, sabahkı matçda komandaların kombinasiyalı oyuna üstünlük verəcəyini bildirib:

 “Heyətdə hansı itkilərimizin olduğunu bilirsiniz. Qalan futbolçuların hamısı hazırdır. Sabahkı oyuna futbolçularımız həyatlarındakı ən vacib hadisələrdən biri kimi yanaşmalıdırlar. Əminəm ki, sabahkı görüş Bakıdakı oyundan fərqlənəcək. Bunun əsas səbəblərindən biri də qazondur. Mən artıq burada meydanın durumu ilə tanış olmuşam. Sabah hər iki komanda kombinasiyalı oyuna üstünlük verəcək. Komandalar öz tərzlərində çıxış edə bilərlər. Kim bunu yaxşı bacarsa, o da mərhələ adlayacaq”.  

R.Qriqorçuk komandasının psixoloji cəhətdən problem yaşamayacağını qeyd edib:

 “Sabah stadionda hansı ab-havanın yaşanacağını bilirəm. Amma heyətimizdəki futbolçular təcrübəlidirlər. Heç bir halda bu, bizim üçün maneə ola bilməz. Təbii ki, sabahkı oyunda azarkeşlərimizin yeri də görünəcək. Son oyunlarda fanatlarımız bizə möhtəşəm dəstək veriblər. Onların dəstəyi bizim üçün böyük motivasiyadır”.

 R.Qriqorçuk “Panatinaikos”un baş məşqçisinin mətbuat konfransında səsləndirdiyi fikirlərlə tanış olduğunu vurğulayıb:

” O, taktikanı deyil, ilk görüşlə müqayisədə bəzi oyunçularını dəyişəcəyini bildirib”.  

Ukraynalı mütəxəssis rəqibi yaxşı analiz etdiklərini bildirib: 
“Panatinaikos”un bir çox oyunlarına baxmışıq. Onların necə oynadıqlarını çox gözəl bilirik. Biz də rəqibin necə oynadığını nəzərə alaraq, müəyyən dəyişikliklər edəcəyik”.

Penaltilər barədə suala isə “Qəbələ”nin çalışdırıcısı belə cavab verib: “Mən səhərə kimi oynamağa hazıram. Yetər ki, mərhələ adlayaq. Lap lazım olsa, 100 penalti də vurarıq. Əsas odur ki, istəyimizə çataq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43