Son üç mövsümdə olduğu kimi yenə də Azərbaycan çempionu mövsüm başa çatmamış müəyyənləşib.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, ardıcıl üç dəfə “Neftçi” vaxtından əvvəl çempionluğun sevincini yaşamışdısa, Azərbaycan Premyer Liqasının 2013/2014 mövsümündə “Qarabağ” qızıl medallara sahib çıxıb. Ağdam təmsilçisi 34-cü turda “İnter”i məğlub edib və bunun sayəsində son iki turun nəticələrindən asılı olmayaraq qızıl medallara yiyələnib.
Bu uğur “Qarabağ”ın Azərbaycan çempionatlarında 2-ci qələbəsidir. Ağdamlılar ilk dəfə 1993-cü ildə – 21 il əvvəl bunu bacarmışdı. Bununla da komanda qızıl medalların sayında eyni qədər uğuru olan “Şəmkir”, “İnter” və “Bakı”ya çatıb. Bu komandalardan başqa, “Neftçi” 8, “Kəpəz” 3,“Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə çempion olub. Əyalət təmsilçisi qızıl medallara sahib çıxmaqla son 6 mövsümdə çempion olan paytaxt təmsilçilərinin seriyasına da son qoyub.
Futbolçu kimi 4 dəfə Azərbaycan çempionu olan Qurban Qurbanov baş məşqçi vəzifəsində ilk dəfə bu uğura imza atıb. O, komandasını ölkənin ən güclüsü edən 10-cu çalışdırıcı olub. İndiyə kimi yalnız Arif Əsədov həm oyunçu, həm baş məşqçi kimi bu uğura sevinmişdi. Q.Qurbanov “Qarabağ”ın dünən çempionluğu rəsmiləşdirməsi ilə A.Əsədovun rekordunu təkrarlayıb.