29 Dekabr 2024
Ölkə futbolu

Qurban Qurbanov: “Avropa Liqasında bizdən tələblər böyükdür”

Azərbaycan Premyer Liqasının XIX turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (3:1) sonra ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Futbolçularımı təbrik edirəm. Baxmayaraq ki, formalarını bərpa etməyiblər. Amma intizamlı oynadılar. 90 dəqiqə eyni oyunu onlardan tələb edə bilməzdim. Qarşımızda sürətli oyunçuları olan kollektiv var idi. Belə havada oynamaq çətin idi, amma intizamlı oyun oldu. Azarkeşlərə təşəkkür edirəm ki, bizi tək buraxmadılar.

– Aleksey İsayevin çıxışı sizi qane etdi?
– Razı qaldım. Qısa zamanda komandaya uyğunlaşıb. Qarşıdakı vaxtda daha dinamik oyunçu görmək istəyirik. Ondan tələblərimiz olacaq.

– Bəlkə də,bu haqda danışmaq tezdir, amma “Qarabağ” “Braqa” ilə oyuna hazırdı?
– Qarşımızdakı oyunlara hazırlığımızı davam etdiririk. Bu komandaların içində “Braqa” da var. O oyuna qədər matçlarda yaxşı çıxış etməliyik. Komandanı həmin oyuna qədər fiziki cəhətdən hazır etmək istəyirik.

– Hazırlığı ölkə xaricində keçirməməyinizin komandaya mənfi təsiri oldu?
– Təsir ancaq yaxşı tərəfdən oldu. Oyunçular il boyu gərgin çıxış etdilər. Avropa Liqasında bizdən tələblər böyükdür. Oyunçularda psxoloji yorğunluq var idi. Bakıda qalmağımız oyunçulara yaxşı təsir etdi. Onlar ailələri ilə daha çox vaxt keçirdi. Antalyada olsaydıq, hazırlıq da başqa olardı. Oyunçular indiki qədər psixoloji hazır olmazdılar.

– Diakabinin komanda da gələcəyi necə olacaq? Ayrılmaq ehtimalı var?
– Hələ ki, müqaviləsi davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43