21 Dekabr 2024
Müsahibə

Qurban Qurbanov: “Onu “Tottenhem”lə oyunun start heyətində görməyəcəksiniz” (MÜSAHİBƏ)

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

– Artıq səfərə çıxırsız. İlk öncə səfər təəssüratlarınızı bölüşərdiz…

– Bu səfər bütün səfərlərdən fərqli olacaq. Çünki hələ heç vaxt o çempionatın komandasına qarşı oynamamışıq, güclərini canlı görməmişik. İndi isə İngiltərənin ən güclü klublarından birinə qarşı oynayacağıq. O ab-havanı, atmosferi hər birimiz səbirsizliklə gözləyirik. Böyük istək və həvəslə səfərə çıxırıq.

– Heyətdə hansısa problem varmı?

– Şükürlər olsun ki, heç bir problemimiz yoxdur. Əksinə, problemi olanlar artıq sıraya dönüblər. Bu gün tam olaraq hazır olmasalar da, müəyyən gücə malikdirlər.

– Çumbinyonu səfərdə oynada bilərsiz?

– Yox. Belə fikrimiz yoxdur. Çumbinyo ikinci dəfə əməliyyat olunduğu üçün, onun tam sağalmasını və hazır olmasını gözləməliyik. Ancaq qarşıdakı oyunlarda fikrimiz var. İngiltərədən döndükdən sonra “Kəpəz”lə oynayacağıq. Bax bu oyundan sonra yavaş-yavaş onu oynatmağa başlayacağıq. O da az-az oynaya-oynaya özünə gələcək.

– Armenterosu “Tottenhem”lə oyunun start heyətində görə biləcəyik?

– Yox, bunu da düşünmürük. O, fiziki cəhətdən hələ elə səviyyədə deyil ki, belə oyunda ilk dəqiqələrdən meydanda olsun. Ancaq oyunun gedişində meydana çıxa bilər.

– “Xəzər Lənkəran”la oyunda iki mərkəz müdafiəçisi – Rəşad Sadıqovla Bədavi Hüseynovu oynatmadız. Onları sürətli “Tottenhem”ə qarşı yorğunçuluqdan qorumaq üçün belə etdiz?

–  Sırf bu oyuna görə yox. Son bir ay ərzində çox ağır oyunlar keçirdilər. Millinin son Malta oyunundan sonra çox məyus idilər. Çünki qələbə qazanmadıqları üçün çox üzülürdülər. Milli yaxşı oyun göstərdi, ancaq qələbə qazana bilmədilər. 3 gün milli üzvlərinə istirahət verdim ki, futboldan uzaq olub, stresdən azad olsunlar. O cümlədən Ansi Aqoliyə də. Onun millisi 93-cü dəqiqədə Portuqaliyadan qol buraxdı. Psixoloji cəhətdən o da yorğun idi. Fiziki yorğunluqla yanaşı, psixoloji amilləri də nəzərə alıb, milli oyunçularına istirahət vermişdik. Artıq indi meydana buraxdığım istənilən futbolçunu çəkinmədən heyətə daxil edirəm. Çünki hər biri buna layiqdir.

– İngilis klubları adətən Avroliqaya böyük önəm vermirlər. Məsələn, “Tottenhem” ötən mövsüm qrup mərhələsinin oyunlarına ikinci heyətlə çıxırdı. Heç fikirləşmisiz ki, belə olsa daha yaxşı olardı, yoxsa, meydanda  elə əsas “Tottenhem”i görmək istəyirsiz?
– Düşünmürəm ki, hər hansı bir məşqçi belə bir turnirdən imtina etsin. Çünki hər bir məşqçi bu turnirdə qalib olmaq istəyər. Belə klublarda isə birinci-ikinci heyət olmur. Əksinə, ikinci heyət üçün düşünülən futbolçular belə oyunlarda daha istəkli olurlar.

– “Qarabağ” daha çox top saxlamağa üstünlük verir. “Tottehem” isə pressinq və sürətli futbol sərgiləyir. Bu oyunda yenə öz oyun üslübunuza sadiq qalacaqsız, yoxsa başqa bir plan var?

– Desəm ki, “Tottenhem”lə başa-baş mübarizə aparacağıq, düz çıxmaz. Onlar İngiltərə Premyer Liqasında çıxış edirlər və “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi”, “Liverpul” kimi dünya nəhəngləriylə böyük ab-hava, atmosfer qarşısında oynayırlar. Onlar istənilən halda bütün konponentlərdə bizi üstələyir. Futbol ötürmə oyunudur, bundan da maksimum yararlanmaq lazımdır. Siz də qeyd etdiyiniz kimi, onlar nəinki topla, hətta topsuz da çox sürətli oynayırlar, pressinq edirlər. Ola bilsin ki, heç öz oyunumuzu oynamağa bizə imkan verməsinlər. Ancaq biz də ilk növbədə bunu onlara qarşı tətbiq edəcəyik. İmkan daxilində öz oyunumuzu oynayacağıq.

– Həqiqətən “Qarabağ” çox çətin qrupa düşüb. “Tottenhem”, “Monako” və “Anderlext” hər il Avrokuboklarda yüksək hədəfləri olan komandalardır. Heç dediz ki, kaş bu qrupa düşməyərdik?

– Yox. Tam səmimi deyirəm, belə fikrim olmayıb. Hər bir məşqçinin arzusu olmalıdır ki, özünü belə klublarla oyunda sınasın. Mənim üçün çox maraqlı olacaq. Bunu futbolçuların hiss etməsi onlar və mənim üçün böyük təcrübə olacaq. Eləcə də böyük tarixi olan “Monako” və “Anderlext”ə qarşı oynamaq. Bu komandalara qarşı hər bir futbolçu oynamaq istəyər. Heç zaman düşünməmişəm ki, bəxtimizə bu komanda çıxardı, o biri düşərdi. Qismətimizdə nədirsə, o da olub.

– Mətbuatda daimi olaraq yazılır ki, Leroy Corcla Muarem Muaremi buraxmaqda siz səhv etmisiz. Onların yeri görünürmü həqiqətən komandada?

– Hər bir yazıya hörmət etmək bizim borcumuzdur. Bəzi futbolçular komandaya tez uyğunlaşır, bəziləri isə gec. Biz çalışırıq ki, həmişə əlimizdə olan futbolçulardan maksimum yararlanaq. Leroy Muarem komandada idi, onlardan faydalanmağa çalışırdıq. İndi isə eyni hal başqalarına aiddir. Onların hər ikisi çox yaxşı insan və futbolçular idi. Həmişə onlara xoş münasibət göstərmişəm və yararlanmışam. Həmişə də onlardan razı qalmışam. Bu gün isə əlimdə olanlardan yararlanıram. Məşqçi işi budur. Ola bilər ki, oyunda sizlər indi komandada olan futbolçuların ustalığından razı qalmırsız. Ancaq mən məşqlər zamanı onlardan istədiyimi ala bilirəm. Zaman keçdikcə isə onlar daha yaxşı səviyyəyə çatacaqlar. Əgər indi oturub düşünsək ki, o futbolçular getdi, bizim işimiz alınmayacaq, o zaman uğur qazana bilmərik. Əksinə, biz hər futbolçunun bacarığından yararlanırıq. Biz bir yerdə daha da yaxşı uğurlar əldə edəcəyik. Buna inanıram.

– Adətən futbolçular millidən “Qarabağ”a yaxşı dönmürdülər və komandanız daim bunun əziyyətini çəkirdi. İndi vəziyyət necədir?

– Bayaq da qeyd etdiyim ki, fiziki yorğunçuluq öz yerində, amma onlar daha çox psixoloji yorğunluq içindəydi. Belə problem olur, onu da aradan qaldırmağa çalışırıq. İndi əlimizdə futbolçu çoxdur, düşünmədən istədimiz dəyişiklikləri edə bilirik.

– Həmişə futbolçu qıtlığıyla üzləşmisiz. İndi vəziyyət necədir, bunu aradan qaldıra bilmisiz?

– Belə baxanda, hə. Çünki hər mövqedə ən azı iki futbolçumuz var. Əlimizdə nə qədər futbolçu olsa da, həmişə daha yaxşısına ehtiyac duyulur. Amma çox futbolçu da, çox problem deməkdir.

 Yenə də axtarırsız?

– Bəli, həmişə axtarışdayıq. Bəzən elə variantlar çıxır ki, ona yox deyə bilmirik. Biz bir neçə milyon verib oyunçu almaq gücündə deyilik. Amma bəzən də böyük klublardan yaxşı futbolçu qopara bilirik. Bəzən isə 5-6 ay oynamayan futbolçunu daha əvvəlki potensialına bələd olaraq heyətə cəlb edirik. Quintana, Armenteros, Reynaldo özü buna sübutdur.

Mənbə: stadium.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43