“Qarabağ”ın sükanı arxasında olan Qurban Qurbanov baş məşqçi kimi 400-cü qələbəsini qazanıb.
İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin yubileyi XXIX tura təsadüf edib.
“Kəpəz” üzərində 3:1 hesablı qələbə Qurbanova üç gün sonrakı ad günü öncəsi yubiley xarakteri daşıyıb.
Bu, onun baş məşqçi karyerasında 704-cü matçında qeydə alınıb. XXV turun “Qəbələ” ilə görüşündə 700-cü dəfə meydana komanda çıxaran mütəxəssis qısa müddətdə növbəti yubileyini gerçəkləşdirib.
Hər iki görüşdə onun yetirmələri 3:1 hesabı ilə qalib gəlib. 704 qarşılaşmada 178 heç-heçə və 126 məğlubiyyət də qeydə alınıb.
Qurbanov karyerası ərzində üç komandaya – “Neftçi”, “Qarabağ” və Azərbaycan millisinə rəhbərlik edib. O, Ağdam klubu ilə 371, Bakı təmsilçisində 25, yığmada 4 uğura sevinib.
Qeyd edək ki, təcrübəli mütəxəssisin baş məşqçi kimi ilk qələbəsi debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib.