28 Dekabr 2024
Ölkə futbolu

Qurbanovun “Barselona”sı – YAZI

“Qarabağ”ın AZAL-la görüşündə bir çox nüanslar diqqətimdən yayınmadı. Xüsusilə qazanılan qələbə rəngarəngliyi ilə diqqət çəkdiyindən həmin o “çalarlar”ı sezmək çətin olmurdu.

Qurbanov komandası hələ formalaşmayıb, Bunu mütəxəssis özü deyir. Lakin AZAL-la oyunda “yarımıçıq” olan “Qarabağ” Premyer Liqanın ən üst səviyyədə çıxış edən tək-tük klublarından biri, bəlkə də birincisidi. 

“Qarabağ”ı AZAL-la oyunda irəli aparan yenə braziliyalılar – Reynaldo, Çümbinyo və Almeyda oldu. Təbii ki, bu “üçlük”süz hal-hazırda “Qarabağ”ı təsəvvür etmək olduqca çətindir. “Təyyarəçilər”lə oyunda da həmin bu “sambaçılar” üzərlərinə düşən vəzifənin artıqlaması ilə etdilər. 

Rəqibi iki dəfə məyus edən Ağdam təmsilçisinin futbolçuları artıq tribunalar üçün şou göstərirdilər. Təbii ki, bu da oyuna gələn azarkeşlərin zövqünü oxşayırdı.

Ümumi olaraq Qurbanovun “Qarabağ”da bir “Barselona” sistemi tətbiq etdiyini düşünsək, yanılmadığımızı görərik. Komanda daha çox ötürmələr edir, daha çox topu özündə saxlayır və minimum səhvlər etməyə çalışırlar. Bunu AZAL-ın futbolçuları dünənki matçdan sonra daha yaxşı anladılar. Təsəvvür edin, Ağdam klubu lazım gəldik də, azı topu özündə 3-4 dəqiqə səliqə ilə saxlayır, rəqib topu ələ keçirdikdə pressinq tətbiq edərək yenidən “köhnə-təzə” işlərini icra edirdilər. Xətlərarası əlaqə isə öz yerində.

Lakin axsayan mövqelər də, gözdən qaçmır. Elə hücumçu problemi ilk toxunulası məqamlardandı. Düzdü Dvali var, ancaq onu da əsas heyətdə meydana buraxmaq riskli olacaq ki, Qurbanov da bu məsələ də tələsmək istəmir. Gelaşvili zədəli, Kapalonqo isə yararsızdı. Əslində Gelaşvilinin olub-olmaması bir şeyi dəyişmir. Varlığı yoxluğuna bərabər gürcünün “Qarabağ”ın hücum problemini həll edə bilməməsi onu daha çox xatırlatmır. Qalır Vüqar Nadirov ki, o da əsas heyətə düşməkdə çətinlik çəkir. 

“Qarabağ” sadəcə bu oyun rəngarəngliyinə hücumçu məsələsini həlll etməklə ahənglik qatsaydı, sivri ucdakı “çepesi” azalardı.

Hücumçu probleminə baxmayaraq, “Qarabağ” bu tura kimi çempionatın ən çox qol vuran ikinci komandasıdır. Müdafiə xətti isə alınmaz qaladır. 21 oyunda buraxılan top 13-ə bərabərdi. 

Yəqin ki, bu oyunla, bu nəticələrlə bu dəfə “Qarabağ” öz azarkeşlərini məyus etməz və marafonu uğurlu sonluqla yekunlaşdırar. Bunun üçün hər şey var. 

Oyun da var, nəticə də… 

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43