“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə “Sürix”ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında iştirak edib.
İdmanxeber.az xəbər verir ki, Qurbanov əvvəlcə matçla bağı fikirlərini bildirib:
“Çox maraqlı və vacib oyuna hazırlaşırıq. Fərqli oyun sistemində oynayan komanda ilə qarşılaşacağıq. Oyuna hazırlaşmaq üçün vaxtımız oldu. Rəqib də ciddi hazırlaşır. Sabah oyunun gedişində bəzi sürprizlərlə qarşılaşa bilərik. Hər detala hazır olmalıyıq. Yaxşı nəticə üçün çox güc sərf etməliyik. Buna hazırıq.
Hər rəqibə qarşı çalışırıq ki, düzgün və diqqətli oynayaq. Bu dəfə ilk rəqiblərimiz daha güclüdür. Ötən il Konfrans Liqasında yarışmışdıq. Çempionlar Liqası digər liqalardan həddindən çox fərqlənir. Burada daha çox məsuliyyət və diqqət tələb olunur. Burada səhvlər bağışlanmır. Çalışırıq ki, səhvlərimiz olmasın.
Heyətdə bəzi dəyişiklik ola bilər. Güvəndiyim futbolçular var. Bəzi matçlar fərqli olur. Bəzən heyəti eyni qoyur, bəzən dəyişikliklər edirsən. Hər şey ola bilər. Xırda dəyişikliklər ola bilər. Sabahı gözləməliyik.
Belə matçlarda oyunun gedişi zamanı hər şeyə hazır olmalıyıq. Rəqib də bu matça final kimi yanaşır. Uzatmalara, penaltilərə hazır olmalıyıq. Gedişata uyğun düzgün qərar verməliyik. Çox istərdik ki, oyunun taleyi ilk hissədə həll olunsun”.
“Sürix” – “Qarabağ” oyunu saat 21:00-da start götürəcək. Komandalar arasında Bakıda baş tutan matçda “Qarabağ” 3:2 hesablı qələbə qazanıb.