“Zirə” Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyununda “Neftçi”ni penaltilər seriyasında məğlub edərək finala yüksəlib.
İdmanxeber.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
– Çox emosional oyun oldu. Hazırda ətraflı təhlil edib fikir bildirmək mənim üçün çətindir. Oyundan əvvəl də gözləyirdik ki, ilk matçdakı ssenari davam edəcək. Komandanı da, özümüzü də buna hazırlamışdıq. İlk hissədə oyun mərkəzdə getdi, çox qol epizodları olmadı. Bu gün meydanda iki komanda arasında taktiki cəhətdən mübarizə getdi. 50-55-ci dəqiqədən sonra üstünlük bir az “Neftçi” tərəfə keçdi. Topa nəzarəti itirmişdik. 5-3-2-dən 5-4-1 sisteminə keçdik. Ondan sonra komanda sanki bir az nəfəs aldı, futbolçular daha rahat oynamağa başladılar. Əlavə vaxtın ilk 15 dəqiqəsində komandamla fəxr elədim. “Neftçi” kimi bir rəqibə qarşı hücum etdik. Amma ikinci 15 dəqiqə meydanda “Neftçi”nin üstünlüyü ilə keçdi. Oyun daima bir tərəfdən digər tərəfə dəyişirdi. Əsl kubok ab-havası var idi. Sonda da penaltilər seriyası. Bu gün hər iki komanda qalib gələ bilərdi. Göstərdikləri əzmkarlığa görə futbolçularımı təbrik edirəm. Asan deyil, artıq neçə vaxtdır ki, 3-4 gündən bir futbol oynayırlar. Hər iki komanda meydanda yaxşı futbol gəstərdi, iki komanda da qələbəyə layiq idi.
– Penaltilər seriyasına hazırlaşmışdız?
– Heç hazırlıq görməmişdim. Dünən məşqdə bir an fikirləşdim. Amma istəmədim ki, futbolçularıma bərabərliyə oynayacağıq mesajı verim. Komandanı qələbəyə kökləyirdik deyə, istəmədim penaltiləri məşq edək. Təqribən komandada kimlərin necə vurduğu barədə məlumatım var. Ancaq bu, yenə də göstərici deyil. Ola bilərdi ki, ən yaxşı penalti vuranlar bu gün vura bilməsin. Penalti elədir ki, dünya ulduzları da qaçırırlar.