“Uduzmuşuq, nə deyə bilərəm? Bacardığımız qədər oynadıq. Məğlubiyyətə layiq idik, ya yox, bunu deyə bilmərəm”.
Bunları “Report”a açıqlamasında Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları AÇ-2020-nin seçmə oyununda sonra söyləyib.
– Bərabərlik qolu sizin ötürmənizdən sonra vuruldu. Mahir Emrelini görürdünüz, yoxsa ötürməni səsə etdiniz?
– Görürdüm. Yaxşı açıldı, mən də etməli olduğum ötürməni verdim.
– Necə düşünürsünüz, bu, cari tsikldə millimizin ən yaxşı oyunu idi?
– Xeyr. Fikrimcə, Xorvatiyaya qarşı bundan bir qədər yaxşı oynamışdıq.
– Uels sizi nə iləsə təəccübləndirdi?
– Deməzdim ki, təəccübləndirdilər. Onlar hücum edirdi, biz isə bütün komandayla müdafiə olunurduq. Çox da hücum etmədik.
– Çox dilxorsunuz. Səbəb istədiyiniz səviyyədə oynaya bilməməyinizdir, yoxsa son dəqiqələrdə buraxılan qoldur?
– Bu gün də əlimdən gələni etdim. Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi.
– Son dəqiqədə cərimə meydançasında yıxılaraq penalti ala bilərdiniz.
– Rəqib mənə toxunmamışdı.
– Xorvatiya ilə matçadək istər fiziki, istərsə də psixoloji baxımdan bərpa ola biləcəksiniz?
– Əlbəttə! Bu, ilk belə hal deyil. Fikrimcə, rotasiyalar üçün də yetərincə imkanlarımız var. Məncə, tam bərpa olacağıq.