23 Dekabr 2024
Kateqoriyasız

Ramin Musayev: “Növbəti çempionatda 14 komanda iştirak edəcək”

“Ötən il maraqlı çempionata şahidlik etdik. Deyərdim ki, komandalar öz oyunları ilə Premyer Liqa klublarından geri qalmadılar. Növbəti çempionatda 14 komanda iştirak edəcək”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev birinci divizionun bu gün keçirilən püşkatma mərasimində deyib.

Qurum başçısı PFL-in rəsmi saytına açıqlamasında çempionatda klubların sayının çox olmasını istədiyini bildirib: “Mən komanda sayının çox olmasının tərəfdarıyam. Komanda sayı nə qədər çox olsa, iş yerlərinin sayı da bir o qədər çox olar, çox sayda oyunçu çıxış edər. Amma bizim o qədər büdcəmiz yoxdur ki, komandalara kömək edək. Vaxtilə olub, kömək etmişik. Bunu iştirakçı komandalar da təsdiqləyə bilərlər. Biz müvafiq yollarla klublara dəstək olmuşuq. Onlara geyim dəstləri, toplar hədiyyə etmişik. İndi də çalışırıq ki, bacardığımız qədər sizə kömək edək.

Ötən il birinci divizionda oyun alqı-satqısı ilə bağlı müəyyən söz-söhbətlər vardı. Mənim həyatım boyu bir əqidəm olub. Güclünün qalib gəldiyini istəmişəm, ədalət tərəfdarı olmuşam və sözü birbaşa demişəm. Əgər bu il də belə bir şey olacaqsa, mən sizdən dəstək gözləyəcəyəm. Futbol mübarizə oyunudur. Mən başa düşə bilmirəm ki, kişi kişiyə necə deyə bilər ki, çıxın uduzun? Çempionatda iştirak edən komanda təkcə öz adı üçün oynamır. Həmin komandalar ölkəmizin adını daşıyır. Belə şübhəli oyunlarla bağlı bizə ölkə xaricindən məktublar gəlir. Belə olmaz… Əgər bilsək ki, hər hansı bir komanda oyun alqı-satqısına gedib, biz ciddi tədbirlər görəcəyik. Mən vəzifəmdən istifadə etmirəm, sadəcə istəmirəm ki, kiminsə haqqı tapdansın”.

PFL başqanı klubları indidən lisenziya şərtlərinə əməl etməyə çağırıb: “Premyer Liqada iştirak etmək istəyən komandaların nəzrinə çatdırım ki, bu mövsüm birinci pilləni tutacaq komanda elitaya gələcək. Sadəcə, bunun üçün lisenziya şərtlərini indidən yerinə yetirmək, tələblərə cavab vermək lazımdır”.

Birinci divizionunun püşkatma mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran PFL prezidenti “Şuşa Qarabağ”ın mübarizədən kənarda qalmasından və ötənilki süni yaşazaltma probleminə qarşı görülən tədbirlərdən danışıb:

“Ötənilki lipa probleminə qarşı tədbirlər görülüb. PFL tərəfindən hazırlanmış plastik və hologramlı lisenziyalarda şəkilləri dəyişmək mümkün deyil. Biz bu problemi həll etmişik. “Şuşa Qarabağ”ın kənarda qalmasına gəlincə, bu, sponsorla bağlı məsələdir. Mən çox şəxslərlə görüşüb, danışmışdım ki, kömək etsinlər. Amma yaxın duran olmadı. Baş məşqçi Nadir Qasımov bu yaşda gəlib komandanı çalışdırdı. Buna baxmayaraq, komandaya dəstək olmadılar. Heç oyunlarına belə gəlmədilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43