“Bakı” klubunun hücumçusu Rauf Əliyevin müsahibəsi
– Topaz Premyer Liqasının startına 1 ay qalsa da, karyeranızı harada davam etdirəcəyiniz bilinmir…
– Hansı klubda oynayacağıma dair qərar verməyim məndən asılı deyil. Hər şey “Bakı” rəhbərliyinin səlahiyyətindədir. Komandadan cavab gözləyirik.
– Bu barədə klub rəhbərliyindən kiminlə söhbət etmisiniz?
– Komandada bircə Yaşar Seyidov qalıb. Onunla görüşüb, söhbət edirik. Heç o da futbolçulara nə cavab verəcəyini bilmir. Bizə nə deyəcək? Pullarımızı istəyirik. Amma ortada bir şey yoxdur.
– Yaşar Seyidov az öncə saytımıza açıqlamasında üzləşdikləri problemin yaxın günlərdə həll olunacağını bildirmişdi…
– Mən klubda həll edilən problem görməmişəm. Əvvəlki problemlər yenə də qalır.
– Bəs nə vaxtadək gözləmək fikrindəsiniz?
– 2 gün. Bundan sonra konkret addım atmaq lazımdır. Çempionatın başlamasına cəmi bir ay qalıb, amma hələ də nə edəcəyimizi bilmirik.
– “Bakı” paytaxtda təlim-məşq toplanışına start verib. Digər komanda yoldaşlarınız məşqlərə getsə də, siz, Əfran İsmayılov və Cavid Hüseynov komandadan ayrısınız…
– Məşqlərə ancaq gənc futbolçular qatılıb. Bir də bəzi legionerlər. Gedib bazada məşq edirlər. Əfran, Cavid və mən getmirik. Çünki gedib nə edəcəyik?
– Dediniz ki, gənc futbolçular və legionerlər məşq edir. Onlar da maaş almırlar, amma komandandadırlar. Siz niyə getmirsiniz?
– Çünki legionerlər müqavilələrini fikirləşirlər. Düşünürlər ki, gəlməsələr, “Bakı” FİFA-ya şikayət edib, onları cəzalandıra bilər.
– Sizin müqaviləniz yoxdur?
– Onların müqaviləsi ayrı, bizimki ayrı. Bizdə FİFA müqaviləsi deyil.
– Baş məşqçi Milinko Pantiç sizi komandada saxlamaq istədiyini bildirib…
– Onun deməyi və ya istəyi ilə deyil ki? Necə oynayım? Pulsuz futbolçu oynayar? Pantiç mənə öz cibindən pul verəcək?
– Hazırda onun köməkçiləri Bakıdadır. Komandanı onlar bir yerə toplayıblar. Sizi çağırmadılar?
– Özləri də vəziyyəti başa düşürlər. Heç kim bizi axtarmır.
– “Xəzər Lənkəran”a keçmək ehtimalınız nə qədərdir?
– Onlarla danışmışam. Amma “Bakı” bu məsələdə son nöqtəni qoyacaq. Çox güman ki, iki gündən sonra hər şeyə aydınlıq gələcək.
– Əgər komanda pulunuzu verməsə və sizi başqa kluba buraxmasa, necə olacaq?
– Bir yol tapıb, həll edərik. Hələ ki, səbr edirəm. Artıq vaxtımız azalır. İki gün də dözməliyəm. Ondan sonra çalışacağam ki, transfer vərəqmi alım.
apasport.az