“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Neftçi” ilə matçdan sonra İdmanxeber.com-a müsahibə verib:
– Dörd qolluq final… Matç haqda nə deyərdin?
Oyun gərgin və maraqlı keçəcək. Bilirdik ki, “Neftçi” kubok qazanmağa çalışacaq. Amma uşaqlar var gücü ilə mübarizə apardılar və gözəl qələbə qazandıq.
– “Neftçi”yə istədiyi kimi oynamaq imkanı vermədiz. Rəqib 1-2 epizoddan savayı yaddaqalan nəsə edə bilmədi…
– Finaldı da, olur bu cür. Ola bilər, bu gün bizim oyunumuz oyun yaxşı alındı. “Neftçi” də bizə çətin anlar yaşatdı. 2:1-dən sonra irəli atıldılar. Ancaq şükür Allaha hər şey bizim üçün yaxşı alındı.
– Bitən mövsümü sənin üçün ən uğurlu mövsüm saymaq olar?
– Bəlkə də belə demək olar. Norveçlə oyunda da istədiyimiz nəticə alınsa, karyeramın ən uğurlu mövsümü alınacaq. Çünki milli ilə uğursuz başlasaq da, klubda hər şey qaydasında gedirdi, qrupa düşdük, sonra çempion,sonra da kubok. İnşallah istəyirəm son nöqtə Norveçdə olsun. Orada bir xal qazansaq, karyeramın ən uğurlu ili olacaq.
– Kapitan kimi Muarem Muaremin gedişi ilə bağlı nə deyəcəksən?
– Biz bilirdik ki, Muarem komandadan gedir. Ona uğurlar arzu edirəm. Dostumuz, qardaşımızdı. Bizim üçün Muaremin gedişi böyük itkidi. Onun yerini doldurmaq çox çətin olacaq. Muarem elə bir oyunçu idi ki, həm insan kimi, həm də futbolçu kimi çox yaxşı idi. Bu cür oyunçuları isə nadir hallarda tapırsan. Muaremə uğurlar arzu edirəm və ona azarkeşlik edəcəm.
– Dünən oyunöncəsi mətbuatn konfransında Arif Əsədov Qurban Qurbanovdan fərqli olaraq daha rahat danışırdı.
– Hər məşqçinin bir metodu var. Bu da onun metoddlarından biridi. Bilir ki, futbolçular dediklərini oxuyacaq, dinləyəcək. Ola bilsin ki, futbolçularına inandığını göstərmək istəyib, ona görə belə danışıb.
– Demək olar ki, “Qarabağ”ın oyunçuları bu il istirahət etməyəcək. Millinin toplanışına da qoşulacaqsız…
– Əsas odu zədə olmasın. Oyunlar çox olsa da olar. Təki oynayaq. Çünki bu illəri geri qaytara bilməyəcəyik. Baxacaqsan ki, futbolu bitirmisən, həsrətindəsən bu cür oyunların. Allah bizi zədədən qorusun.
– Dörd gün sonra Serbiya ilə oynayacaqsız. Yəqin ki, “Qarabağ” oyunçuları istirahət edər…
– Düşünmürəm. Mən Norveçə qarşı oynamaq istəyirəm. Ancaq məşqçi nə qərar versə, baxacağıq. Onsuzda bu oyuna qədər yetərincə dincəldik. Serbiya ilə oyunda da dagərək, yaxşı oynayaq ki, Norveç matçında özümüzəinam olsun.