“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun Azərbaycandakı stadionlarla bağlı Ukrayna mətbuatına açıqladığı fikirlərlə sizi tanış etmişdik.
İdmanxeber.com-un məlumatına görə, klub saytı ukraynalı mütəxəssisin həmin fikirlərini təkzib edib.
Həmin açıqlamanı təqdim edirik: “Ukrayna və Latviya mətbuatına istinadən verilən xəbərlərdə baş məşçimizin ölkəmizdəki stadionların durumundan narazı olduğu bildirilir. Diqqətinizə çatdırmaq istəyirik ki, sözügedən xəbərlər həqiqəti əks etdirmir və Roman Qriqorçuk stadionlar barədə heç bir mətbu orqana açıqlama verməyib. Məsələ ilə bağlı klub saytına açıqlama verən mütəxəssis aşağıdakı fikirləri səsləndirib:
“Sözügedən xəbərlər məni xeyli təəccübləndirdi. Əminliklə deyə bilərəm ki bu məlumatlar həqiqəti əks etdirmir. Əgər həqiqətən də mənim Azərbaycandakı stadionlarla bağlı fikrimi bilmək istəyirsinizsə, bunları deyə bilərəm: Bakıdakı stadionlar dünya standartlarına tam cavab verir. Bu mübahisəyə ehtiyacı olmayan faktdır. O ki qaldı ölkə çempionatında çıxış etdiyimizi arenalara, demək olar ki bütün komandaların yüksək səviyyəli stadionu var. Xüsusilə, “Bakcell Arena” mənim çox xoşuma gəlir. Bakıda nəinki stadionlar, ümumiyyətlə, idman arenaları ən xoş sözlərə layiqdir. Bunu burada olan bütün insanlar təsdiqləyə bilər. Məni stadionlarla bağlı narahat edən yeganə məqam bəzi süni örtüklü meydançaların durumudur. Bu da təbii ki, bütün stadionlara aid deyil. Öz stadionumuza gəlincə, kifayət qədər gözəl arenamız var, istədiyimiz tam şərait yaradılıb, infrastruktur ideal səviyyədədir. Bu məsələni klub rəhbərliyi ilə heç vaxt müzakirə etməmişəm”.