“Komandamıza yeni qoşulan oyunçunun uyğunlaşma ilə bağlı problemi olmayacaq. Çünki kollektivimiz onu yaxşı qarşıladı. Komandaya tam gücü ilə kömək etməsi üçün hamı ona öz dəstəyini verəcək”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev klubun yeni transferi Feras Abu-Akal barədə danışarkən deyib.
Baş məşqçi Türkiyədəki təlim-məşq toplanışında komandasının hazırkı durumunu da dəyərləndirib:
“İlk yoxlama görüşü göstərdi ki, komanda təzyiq altında oynamağa çalışır. İnanıram ki, həm Feras əsas heyətə cəlb olunduqdan, həm də Omar Hani kollektivə qoşulduqdan sonra oyun planında daha yaxşı olacağıq”.
Elmar Baxşıyev hücumçu axtarışında olduqlarını da bildirib:
“Hücumameyilli futbolçu ilə güclənsək, daha yaxşı olar. Çünki hücum xəttində sıxıntımız var. Bir neçə oyunçuya baxırıq. Bəzən onların tələbləri bizi qane etmir, bəzən də bəyənməyimizə baxmayaraq, şərtlərimizlə razılaşmırlar. Bu, normal haldır”. (“CBC Sport”)
Türkiyədəki ilk yoxlama matçında “Qaziantep”ə 1:2 hesabı ilə məğlub olan “Qəbələ” iyulun 12-də Rumıniyanın “Çiksereda” komandası ilə qarşılaşacaq.