“Qarabağ”ın futbolçusu Kadi Borges “Marsel”lə oyunöncəsi mətbuat konfransında iştirak edib.
Braziliyalı futbolçu Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü öncəsi fikirlərini bildirib:
– Bizi çox çətin oyun gözləyir. “Marsel” çətin rəqibdi. İlk oyundan sonra rəqibin necə güclü olduğunu gördük. Səfərdəki oyunda buraxdığımız səhvlərdən nəticə çıxarmışıq. Ümid edirəm ki, cavab oyununda bunları təkrarlamayacağıq. Baş məşqçimiz də oyunun ciddiliyini başa salıb, göstərib. Biz də bunun fərqindəyik. Öz gücümüzə də bələdik. Hesabı xeyrimizə dəyişmək gücündəyik. Çalışmalarımızı davam etdiririk. Təslim olmayacağıq, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, sonda bizə lazım olan nəticəni əldə edəcəyik.
– Velodromdakı oyun nə dərəcədə çətin idi? Tofiq Bəhramov stadionundakı oyun ab-hava sarıdan sizə nə qədər kömək olacaq?
– Səfər oyununa yollanmamışdan əvvəl bizi necə çətin oyun gözlədiyini bilirdik. Belə də oldu. Qol imkanlarımız var idi, yararlansaydıq fərqli nəticə ola bilərdi. Sadəcə “Marsel” imkanlardan yararlandı. Evdəki oyuna gəldikdə, buradakı ab-hava hər kəsə bəllidi. Dolu tribunalar bizi daim irəliyə səsləyir. Sabah da belə olacağına ümid edirəm. Məşqçimiz həmişə deyir ki, komanda olaraq xarakter göstərməliyik. Sabah da bu xarakteri meydanda görəcəksiz. Əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, gözlədiyimiz oyunu sabah göstərcəyik.
– Azərbaycan klublarının pley-off mərhələsində ilk qolunun müəllifi oldun. Təəssüratların necədi və bu, sənə əlavə stimul verir?
– Həmin qolu vurmaq xoşbəxtlikdi. Bu, tək mənim yox, komandanın uğurudu. Doğru yolda olduğumuzu göstərir, komanda yaxşı işlər görür. Ümid edirəm ki, bu, davamlı olacaq. Ən azından sabahkı oyunda da bunu göstərməyə çalışacağıq.