25 Noyabr 2024
Milli komanda

“Sabah səhər oyanandan sonra…” – De Byazi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında Qazaxıstana qarşı keçirdikləri səfər oyununu şərh edib.

İdmanxeber.az xəbər verir ki, italiyalı mütəxəssis 0:2 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk hissədə çoxlu imkanlarımız oldu, qol vəziyyətləri yaratdıq. 4-5 qol şansından yararlanmalı idik. Birinci hissədə yaxşı oyun sərgilədik. İkinci yarının əvvəlində kuryoz qol buraxdıq. Ondan sonra diqqətsizlik etdik, ikinci qolu qapımızda gördük. Belə təcrübəli oyunçuların bu cür səhvləri yaxşı hal deyil. Hesab 0:2 olduqdan sonra da oyunu dəyişə bilmədik”.

De Byazi heyət seçimində yanılmadığını düşünür: “Adətən uduzanda səhv məşqçinin olur. Bu gün ilk “11-lik” oyuna çox yaxşı başladı. Təəssüf ki, hücumları məntiqi sonluqla yekunlaşdırmağı bacarmadıq. Öz imkanlarından yararlana bilmirsənsə, bu, sonradan sənə problem yaradır. Qələbə qazanmaq istəyirsənsə, ələ düşən imkanları dəyərləndirməlisən. Həmçinin şans amili də öz rolunu oynadı. Heç nədən kuryoz qol buraxdıq və bu, komandanı meydanda əsəbləşdirdi. Çox keçmədən də ikinci topu buraxdıq”.

O, iyunun 6-da Belarusla keçiriləcək matçda heyətdə rotasiya edib-etməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb: “İndidən nəsə deyə bilmərəm. Bundan sonra 5 saat yarım uçacağıq. Sabah səhər oyanandan sonra heyətdə rotasiya edib-etməyəcəyimizə baxacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43