22 Dekabr 2024
Kateqoriyasız

Sabiq FİFA referisi Bakıya gəldi

Belçikalı sabiq FİFA referisi Frank de Blekere Azərbaycana gəlib.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, AFFA-nın dəvəti ilə ölkəmizə təşrif buyuran  49 yaşlı sabiq FİFA referisi hazırda UEFA CORE (gənc və istedadlı hakimlər üçün təşkil olunan kurs) kursunda təlimatçıdır. 
Azərbaycandan həmin kursda referi Ömər Paşayev eləcə də köməkçi hakimlər Akif Əmirəli və Kamran Bayramov iştirak edirlər. Frank de Blekerenin Azərbaycana səfərinin əsas məqsədi perspektiv vəd edən gənc hakimlərimizin idarə etdiyi oyunlara baxmaq və bu barədə lazım olan qurumlara məlumat verməkdir.
Hesabat turunda Ömər Paşayevin baş hakim olduğu “Neftçi” – “Qarabağ” matçını izləyəcək rəsmi şəxs bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşüb. Görüşdə Frank de Blekere ilə yanaşı, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və gənc hakim Ömər Paşayev də iştirak etdilər. Bir saata yaxın davam edən dialoqda Azərbaycan hakimliyinin hazırkı durumu və gələcək əməkdaşlıqların perspektivləri müzakirə olunub. Növbəti görüşün yaxın gələcəkdə reallaşmasına qərar verilib.

Qeyd edək ki, Frank de Blekere 14 il FİFA hakimi olub və 2 dünya, eləcə də bir Avropa çempionatının final mərhələsində idarəçilik edib. Blekere Çempionlar Liqasının final mərhələsində ümumilikdə 47 dəfə ədaləti qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43