Şamaxı şəhər stadionunda tribunaların sayı artırıla bilər.
İdmanxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə AFFA-nın baş katibinin müavini Kamran Vəliyev açıqlama verib.
Vəliyev, gələcəkdə ehtiyac olarsa, belə bir variantın mümkünlüyünü deyib:
“Qapılar arxasında yerlər var. Burada tribuna inşa etmək imkanı mümkündür. Bu, uzunmüddətli gələcəyin planlarıdır”.
O, arenada işıqlandırılmanın nəzərdə tutulmadığını söyləyib:
“Əvvəldən qalan projektor dirəkləri var idi. Bunlar ərazinin işıqlandırılması üçün istifadə olunub. Çünki stadionda ot örtüyü üçün dörd tərəfdən işıqlandırma olmalıdır. Hazırda mövcud inşaat işlərində bu planlaşdırılmayıb. Gələcəkdə işıqlandırma mümkün ola bilər. Hər şey maliyyədən asılıdır”.
Vəliyev 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə stadionun açılış mərasiminin keçirildiyini xatırladıb:
“Arena 2200 azarkeş tutumuna malikdir. “Şamaxı” klubu ev oyunlarını burada keçirir. Süni örtük FİFA-nın ən yüksək sertifikatını alıb. Buraya quraşdırılan yeni nəsil ot örtüklərindəndir, tam oturuşması üçün zaman lazımdır. Hələlik bir oyun keçirilib. Stadion həmçinin UEFA-nın 2-ci kateqoriyasına uyğun gəlir. Burada beynəlxalq oyunların keçirilməsi imkanı da var. Klublarımız avrokuboklarda ilkin mərhələləri burada oynaya, bilər. Ondan sonra 3-cü kateqoriya stadion olmalıdır. U-21 və aşağı yaş kateqoriyalardan ibarət komandaların matçlarının da burada təşkili mümkündür”.
Şamaxı şəhər stadionundakı ilk oyun Azərbaycan Premyer Liqasının 22-ci turunda – “Şamaxı” və “Neftçi” komandaları arasında olub (1:2).