Gəncədə ardıcıl 4-cü məğlubiyyətini alan “Şamaxı”da işlər qaydasında deyil. Klub 16 xalla sonuncu sıradakı “Səbail”lə eyni mövqedədir. Təhlükənin qapıda olması təzyiqi və çarəsizliyi də özü ilə bərabər gətirib.
Bölgə təmsilçisi “Kəpəz”ə qarşı pis mübarizə aparmasa da, məğlubiyyətdən qurtula bilmədi. Son üç oyundakı məğlubiyyətin komandaya mənfi təsiri aşkar hiss olunurdu. Oyunçuların sanki psixoloji hazırlıq səviyyəsi yerində deyil.
Heyətdəki əksər oyunçuların gənc və təcrübəsiz olması buna səbəb ola bilməz. Çünki “Şamaxı” 23 turdur aşağı-yuxarı eyni heyətlə mübarizə aparır. Əslində, bütün problem elə buradadır: komanda yalnız mübarizə aparır. Bu, uğurlu nəticələr üçün vacib amil olsa da, kifayət deyil. Fiziki hazırlığın yerində olması bəs etmir, bəlli bir oyun planı da şərtdir. Mübarizə, yüksək fiziki hazırlıq mövsüm ərzində sadəcə 2-3 oyun qazandırar. Elə bölgə klubunun aktivində də cəmi 3 qələbə var. Əgər qələbə oyunu davamlı meydanda stabil görünmürsə, qalibiyyətlər təsadüfü sayılar. Söhbət hər matçı udmaqdan getmir, oyun şablonundan gedir. Komadanın özünəməxsus oyun tərzinin hələ də formalaşmaması və ya bilinməməsi Həsənli/Hüseynov üçün ciddi nöqsanıdır.
Hazırda meydanda “Şamaxı” toplu və ya topsuz qaçmaqla məşğuldur. Komandada hər hansı bir tapşırığın olduğu kənardan görülmür. Açığı, oyunçuların məşqçilər heyətinin tapşırıqlarını yerinə yetirməyəcək qədər aşağı səviyyəli olduqlarını demək olmaz. Görünür problem gənc və dinamik heyətlə ortaya iş qoya bilməyən məşqçilərdir.
Cavid Hüseynov və ya Vüqar Həsənli hələlik “Şamaxı”ya uyğun bir oyun tərzi yarada bilməyiblər. Diqqət etdiyimiz qədəri ilə komanda top rəqibdə olanda daha yaxşı mübarizə aparır. Gənclər rəqiblərə pressinq etməkdə də, ikili mübarizlərdə də oyunun içində qalmağa bacarırlar. Ancaq topa sahib olanda artıq çaş-başlıq, qarışıqlıq düşür. Bu, tələskənlikdən daha çox nə edəcəyini bilməməkdir.
Baş məşqçi Vüqar Həsənli “Kəpəz” oyunu barədə danışarkən heyətdə təcrübəli futbolçuların azlığından şikayətlənir. 23 turdan sonra bunu qabartmaq bəhanədir. Bölgə klubunda təcrübəli oyunçu sayı az olsa da, gənclərdən ibarət mübariz bir heyət var. Onları bir yerə yığıb bəlli oyun sistemi hazırlamaq isə məşqçi işidir. Sırf təcrübəsizlik amili sizə 1-2 oyun uduzdurar. Ard-arda dörd məğlubiyyətin hamısını bu səbəbə bağlamaq problemi gizlətmək, mövzudan yayınmaqdır.
Vüqar Həsənli Premyer Liqanı tərk etmək qorxusunun oyunçularda ciddi təzyiq yaratdığını da bildirdi. Ancaq bunu elə bir şəkildə dedi ki, hər kəsdən çox özünün həyəcanlı olduğu hiss olunurdu. Belə məqamda məşqçilər soyuqqanlığını qorumalı, oyunçuları motivasiya etməyi, komandanı toparlamağı bacarmalıdır. Hazırda isə “Şamaxı”da toparlanmalı olan futbolçular deyil, komandaya nəzarət edən iki məşqçinin olduğu görünür.
Həsən Quluzadə