27 Dekabr 2024
Kateqoriyasız

Samir Abasov “Qarabağ”dan danışdı, stresə düşən futbolçuların adını çəkdi

Konfrans Liqasının pley-off mərhələsinin “Makkabi” (Hayfa) – “Neftçi” (4:0) cavab oyunundan sonra təşkil edilən mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– İlk dəqiqələrdən təhlükəni hiss etməyə başladıq. Startdaca rəqibə qol vəziyyəti verdik. Son zamanlar hücumlarımız ancaq sağ cinahdan, Yusuf Lavalın mövqeyindın olurdu. Üstəlik, ilk dəqiqələrdən 3 nəfərin oyundan ümumiyyətlə qopmağı bu qədər problemlər yaratdı. Bilmirəm, hansı səbəblərdəndi. Bəlkə də rəqibin adına, stadiondakı ab-havaya görə idi. Nə qədər ağır olsa da, bu da bizim üçün bir təcrübə olacaq. Özümüz üçün bir yol cızacağıq ki, kimlə hara qədər gedə bilərik. Bundan sonra çempionatı düşünəcəyik.

– Belə məğlubiyyətdə Samir Abasovun payı nə qədərdi?
– Burda söhbət Samir Abasov və ya hansısa futbolçulardan getmir. Nələr baş verirsə, özünüz də görürsüz. Belə heyətlə bu cür rəqibə qarşı nələrsə etməyi şansa, möcüzəyə bağlamalıyıq. Günahkar axtarmaqdansa, bundan nəticə çıxarıb yolumuza davam etməliyik. Yıxılmışıqsa, qalxmalı və ən azı çempionatda özümüzü sübut etməliyik.

– 3 futbolçunun stresə düşdüyünü söylədiz. Söhbət kimlərdən gedir?
– Adlarını çəkmək problem deyil. Bu, onların günahkar olduğu anlamına gəlmir. Belə rəqibə qarşı istədiyin heyəti formalaşdıra bilmirsənsə və meydana çıxanlardan həmin futbolçular nəyə görəsə oyundan qopurlarsa, sonda nəticə belə olur. Söhbət Fəhmin, Harramiz və Mertdən söhbət gedir. Onlarda sıxıntı görünürdü. Futbol adına xoşagəlməz şeylər idi. Mərtdə belə problem olmasını təcrübəsizliklə əlaqələndirmək olar, digərləri üçün səbəb tapa bilmirəm.

– Bütün avrokubok oyunlarını analiz etdikdən sonra avrokuboklarla vidalaşmağınızı qısa tezislərlə hansı səbəbləri qeyd edə bilərsiz?
– Bunun bir cavabı var: heyətimizin bu cür turnirlər üçün yetərli olmadığına görə uduzduq.

– “Neftçi” çempion olanda hansı turnirə getdiyini bilirdi. Ancaq həmin zamandan hiss olunurdu ki, komanda ahzır deyil. Səbəb nə oldu?
– Məğlubiyyətlərə baxmayaraq, komanda daxilində vəziyyət əladı. Belə yenilgilər pis təsir edə bilər. Futbolçuların nələr hiss etdiyini çox yaxşı başa düşürəm. Nəyə görə hazır olmadığını düşündüyünüzü tam anlamadım. Ümumiyyətlə bu turnirlik deyilikmi? Futbolçular arasında, komanda daxilində heç bir problem yoxdu. Meydançada anlaşmada nələrsə ola bilər. Bu, oyunçuların keyfiyyəti ilə bağlıdı. Nə qədər hazır olsan da, oyunu dəyişmək imkanların olmalıdı. Rəqibləri görürsüz. Real danışaq, biz əvəzetmələri oyun düzəlsin deyə edirik, yoxsa kimsə yorulduğu üçün? Cavab aydındı. Belə məqamlar da bu suallara yol açır. Məqsədlər ilin əvvəlindən bəlli olmalıdı. Bu gün digər avrokubok təmsilçimiz “Qarabağ” futbolçular transfer edir. Bəllidi, məqsədləri var. Avrokubokları, çempionatı düşünürlər. Təəssüf ki, bizdə bu baxımdan qırılma nöqtəsi oldu. HİK-dən sonra bu siqnallar bizə çatdı. Emin Mahmudovun bədəninin suyu qalmayıb. Onu bu vəziyyətdə meydana buraxmasaq, yenə nə qədər suallar olacaq. Xalqımızı təmsil edirik. Təəssüf ki, məğlub olduq. Bundan hamımız nəticə çıxarmalıyıq.

– “Qarabağ”ın adını çəkdiz. Çempionatda rəqabət apara biləcəksiz?
– Vəziyyət çıxılmaz deyil. Əl-qolumuzu sallamayacağıq. Sadəcə, tam komplektləşməmişik, lazım olan sayda futbolçumuz yoxdu. Ancaq rəqib kim olsa da, sona qədər mübarizəmizi aparacağıq.

– Mamadu Kane “Neftçi” ilə Bakıya qayıdır, yoxsa “Olimpiakos”un düşərgəsinə gedir?
– Milli komandaya gedir. Bu söhbətlərə o qədər də baş qoşmurdum. Çünki “Makkabi” ilə matç ərəfəsində baş verdi. Bizim üçün nə qədər üzücü olsa da, bizdə bir futbolçunun bu qədər inkişaf edib, elə komandanın diqqətini çəkməsi müsbət məqamdı. Mən şəxsən onun qarşısını kəsə bilmərəm. Bildiyimə görə, klublar arasında danışıqlar davam edir. Yaxın günlərdə hər şey bəlli olacaq.

Futbolpress.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43