Günlər nə maraqsız keçir. Futbol mövsümü bitdiyindən baş qatmağa heç bir iş yoxdu. Əvvəl heç olmasa Messiyə, Neymara, Elnur Cəfərova, Rauf Əliyevə baxırdıq, yaşıl meydanlarda onların göstərdiyi möcüzə adamı valeh edirdi. İndi nəyə baxasan? “Xəzər Lənkəran” “AZAL”-la oynamır ki, oturub həyəcanla hakimin final fitini gözləyək, “Simurq” “Bakı”nı qəbul etmir ki, diqqətimizi ekrandan çəkməyək.
Darıxmamaq üçün hərdən dostlar bir yerə yığışıb gap edir, vaxt öldürürük. Nə etməli, yeni futbol mövsümünə kimi başımızı qatmalıyıq ya yox… Dünən dostlarla söhbətimiz necə maraqlı alındısa bir də gördük gecədən xeyli keçib. Evə dağılışanda qardaşlardan biri elə bir söhbət elədi ki, qorxudan az qaldı bağrımız çatlaya. O biri dostları bilmirəm, amma mənim yuxum əməlli-başlı ərşə çəkildi.
Dostumdan eşitdiyim söhbət sizlərin də yuxusunu qaçıra bilər, ona görə də bu yazını günün günortaçağı oxusanız yaxşıdı. Deməli əhvalat belə olub…
Sökülüb təzədən yığılandan sonra yenə ələ gəlməyən “Xəzər Lənkəran” klubu yeni mövsümlə bağlı planlarını hərəkətə keçirir. Yunis Hüseynov yenidən bir zamanlar boşaltdığı baş məşqçi postuna təyin olunur, sonra da Afrika tərəflərdə yerləşən Mali respublikasına göndərilir. Rəhbərlik Yunis bəyə tapşırır ki, üz ağardan oyunçu tapıb gətirsin. Klubun tərcüməçisi Elvar bəyi də uzaq yolda darıxmasın deyə ona qoşurlar.
Baş məşqçi və onun tərcüməçisi 10-15 qutu qovurulmuş günəbaxan tumu götürüb səfərə çıxırlar. Malidə nə qədər stadion varsa hamısına baş çəkib oyunçulara göz qoyurlar. Seçib seçmələyəndən sonra 3 futbolçunun adını mobil telefonlarının yaddaşına yazırlar. Gənc malili futbolçular Asfghj Xcvnm, Qüert Yuio və Bnmçş Ertui uzaq ellərdən onları bəyənməyə gələn iki əcnəbinin diqqətini çəkdiklərindən özlərini artıq Lənkəranda deyil, göyün altıncı qatında hiss etməyə başlayırlar.
Lənkərandan Maliyə futbolçu axtarmağa gedən klub nümayəndələri də boş oturmurlar, sovetlər demişkən, asudə vaxtlarını səmərəli keçirirlər. Axşamüstü hava sərin olan kimi düşüb bu qərib ölkənin gözoxşayan mənzərələri ilə tanış olurlar. Belə gəzintilərin birində qorxunc olay yaşanır. Yunis Hüseynov və Elvar Rty-mo qəbiləsinə əsir düşür. Hər iki qəniməti tayfanın başçısının yanına gətirirlər. Uşaq vaxtından futbol adamı görəndə mədəsində qıcqırma başlayan qoca qəbilə başçısı Yunis bəyə tərəfə baxıb əsəbi nəsə deyir. Yunis bəy təmiz Gəncə ləhcəsi ilə ingiliscə bir-iki kəlmədə qəbilə başçısını harasa göndərir. Amma təbii ki, qoca rty-moulu onun dediklərini anlamır. Elvar bəyin həmin vaxt orda olmağı baş məşqçinin də, qoca qəbilə rəhbərinin də dadına çatır. Əcnəbi dillərdə danışmağı su içmək kimi asan sayan Elvar qardaşımız araya girib gərginliyi bir qədər azaldır.
Nə isə uzun söhbətdən sonra belə məlum olur ki, Rty-mo qəbiləsi Yunis bəyin qarşısında şərt qoyub. Elvar qardaşımızın əlüstü etdiyi tərcüməyə görə, qoca qəbilə başçısının şərti çox ağır olub. Futbol mövzusunda söhbət gedəndə mədəsi ağrıyan qəbilə rəhbəri Yunis bəyə deyib ki, “Xəzər Lənkəran”ı yeni mövsümdə çempion edə bilməsən səni harda tutsaq yeyəcəyik.
Uzaq Malidə baş verən bu qorxunc hadisəni eşidən və ya oxuyan “Ağ-yaşıl” rənglərə könül verən dəyərli fanatlar. Sizə hansı variant sərfəlidi- “Xəzər Lənkəran” çempion olsun, yoxsa qoca qəbilə başçısı Yunus Hüseynovun ətinə ketçup vursun?
Seçim sizlərindir.
Etibar Cəbrayıloğlu // Avrofutbol.com