“Simurq”un bu mövsüm heyətinə qatdığı yeni yerli futbolçulardan biri də Samir Zərgərovdur.
Stabil olaraq əsas heyətdə meydana çıxan yarımmüdafi son oyunlarla bağlı klubun rəsmi saytının
suallarıını cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, Samir, həmçinin qarşıdakı “Qarabağ”la görüş və
Zaqataladakı futbol həyatı barəsində fikirlərini bizimlə bölüşüb.
– Samir, ilk
öncə son iki oyun haqqında fikirlərini bilmək istərdik. Komandada hansı
dəyişiklər oldu ki, “Neftçi” və “Qəbələ” ilə çətin qarşılaşmalarda qələbə
qazana bildik?
– Milli komandanın oyunları ilə əlaqədar yaranmış
fasilədə məşqçilər korpusu bizi 5 günlük istirahətə buraxdı. Bildirdilər ki,
hər şeyi unudub məşqlərə qədər vaxtınızı yaxınlarınızla keçirdin. Özünüzü
yenidən toparlayıb, gəlin. Yığışdıqda sonra “Neftçi” ilə oyunun hazırlıqlarına
başladıq. İlk məşqdə baş məşqçi hamımızı bir araya gətirərək qeyd etdi ki,
artıq keçən oyunlarda nə olubsa keçmişdə qalıb. “Neftçi” ilə matçda yenidən
başlanğıc etmək lazımdır və bütün diqqətimizi bu oyuna yönləndirməliyik. Görüşə
qədər yaxşı hazırlıq keçdik və çıxdıq layiqli qələbə qazandıq. Oyuna baxan hər
bir kəsdə bildirdi ki, bu matçda qalibiyyətə layiqli tərəf biz idik. Bu üç xal
komandada özünəinamı bərpa etdi. Böyük ruh yüksəkliyi yarandı. Bu cür
əhval-ruhiyyə ilə səfərə getdik. “Qəbələ” ilə oyununda çətin keçəcəyini
bilirdik. Bu komandanın hər cür şəraiti, güclü futbolçulardan ibarət heyəti,
çox yaxşı vəziyyətdə olan təbii ot örtüklü meydançaları var. Bizim komandamızdada
texnikalı futbolçular üstünlük təşkil edir. Ötürmələrlə oyunu qurmağa çalışan
kollektivimiz var. Bu cür meydançada hər bir futbolçu nəyə qadir olduğunu
göstərməyi bacarır. Oyuna gəldikdə isə çox sürətli və qol vəziyyətləri ilə bol
bir qarşılaşma oldu. Hesab edirəm ki, bu matçda da layiqli qələbə qazandıq. Kamran
Ağayev qapısında diqqətli olmasaydı və biz bir çox vəziyyətdən faydalı
yararlansaydıq hesab böyükdə ola bilərdi. Bir şeyi də vurğulayım ki, həqiqətəndə
meydança hər birimizə oynamaq üçün əlavə stimul verirdi. Arzulayıram ki,
çempionatda hər bir komandamızın bu cür ideal ot örtüklü stadionları olsun.
– “Simurq”
hazırda 17 xalla turnir cədvəlində dördüncü pillədədir. Səncə komandamız bu
nəticəsi haqq edirmi? Daha yaxşı yerdə ola bilərdik, yoxsa daha yaxşı yerdəyik?
– Düşünürəm
ki, bizim hazırkı yerimiz dördüncü pillə deyil. Bəzi oyunlarda yersiz xal
itirməyimiz bu nəticəyə səbəb olub. Hesabda öndə olarkən məğlub olduğumuz,
lazımı oyunlarda qələbə qazana bilmədiyimiz görüşlərdə itirdiyimiz xalları indi
toplasaq, görərik ki, daha yaxşı yerdə olmalıydıq. Ən azından indiki vəziyyətdə
turnir cədvəlində ikinci pillədəydik. Ancaq bu futboldur. Hər bir komanda
müəyyən dövrdə eniş yaşayır. İnanıram ki, bu mərhələni artıq geridə qoyduq.
İnşallah, bir də bu vəziyyətə düşmərik. Növbəti oyunlarda son iki görüşün
davamını gətirsək, ən azından Avroliqaya vəsiqəni təmin etmiş olacayıq. Qarşımıza
qoyulan əsas məqsəddə budur. Allahın köməkliyilə rəhbərliyə, klub
azarkeşlərinə, özümüzə bu uğuru qazandırarıq. Ölkəmizi Avropada “Simurq”un
adından təmsil edərik.
– Bizi qarşıda
daha bir çətin rəqiblə görüş gözləyir. Son çempion və hazırkı turnir cədvəlinin
lideri olan “Qarabağ”la oyun haqqında nə deyərdin? “Simurq” bu matçda da qələbə
seriyasın davam etdirə biləcəkmi?
– Hazırda bir reallıq var ki, hər kəs bu dəqiqə “Qarabağ”ın
ölkənin bir nömrəli klubu olduğunu deyir. Göstərdiyi nəticələrdə bunun
sübutudur. Bu komandanın üstünlüyü ondadır ki, iki fərqli heyətə malikdir. Bir
on bir nəfər Avroliqada matça çıxacaqsa, daha fərqli bir on bir nəfərdə başqa
komanda ilə görüşə çıxa bilər. Ancaq bir reallıqda odur ki, hər bir komandanı
Zaqatalada çətin oyun gözləyir. Bu mövsüm bir görüşdə doğma azarkeşlər önündə
məğlub olmuşuq. İnşallah, həmin oyunda son olar. Hesab edirəm ki, çox maraqlı
bir qarşılaşma olacaq. Var gücümüzlə çalışacayıq ki, qələbələrin ardı gəlsin.
Son iki oyunda qazanılan altı xal hər şey demək deyil. Etməli olduğumuzu
etmişik. Əgər biz Avroliqaya vəsiqə qazanmaq istəyiriksə, bu oyunlarda qalib
gəlməliyik, “Qarabağ”ıda həmçinin məğlub etməliyik. Bacardığımız qədər bütün
matçlardan xalla ayrılmalıq ki, mövsümün sonunda yaxşı nəticə əldə edək. Həm
rəhbərliyimizi, həm azarkeşlərimizi sevindirək, həm də əziyyətimizin bəhrəsini
görək.
– Hazırda əsas
heyətdə stabil oynayan futbolçulardansan. Son on üç tura əsasən öz oynuvu necə
dəyərləndirərdin?
– Futbol elə bir idman növüdür ki, qələbə qazananda
hamı yaxşı oynayır, məğlub olanda isə bütün komanda. Qalibiyyət zamanı elədiyin
səhvlər gözə çarpmır. Futbolçunun oynunun əsas göstəricisi qazanılan nəticədir.
İnşallah, sona qədər komandama kömək edərəm. Məşqçim mənə inanır, güvənir. Çalışıram
ki, onun yanılmadığını sübut edim, öz mövqeyimi kiməsə verməyim. Heç kəsə
zədələnməyi arzulamıram. Mən də Allahın köməkliyi ilə heç bir zədəsiz,
problemsiz mövsümün sonuna qədər stabil oynayaram. İlk vaxtlar komandaya
uyğunlaşama çalışırdım. Karyeramın son üç ilini “İnter”də keçirmişdim. Bu
komanda tam başqa sistemdə oynayır. Qıraqdan belə hesab eləməsələr də, “Simurq”da
hər şey tam fərqlidir. İki fərqli məşqçidir, iki fərqli taktikadır. Artıq hər
şey qaydasındadır. Ümumən qarşılaşmaları özüm üçün analiz etdiyimdə, bəzi
məqamları çıxsaq, oynumdan razıyam. Daha yaxşı olmaq üçün məşqlərdə çalışıram.
– Futbolçu
olaraq Samir Zərgərovun hazırda qarşısına qoyduğu məqsəd nədir?
– Ötən mövsüm zədədən əziyyət çəkdim və premyer
liqada çox az oynadım. Ancaq bu il tam sağalmışam və “Simurq”un uğurları üçün
mübarizə aparıram. Futbolçu olaraq məqsədim hazırda bu komandanın heyətində heç
bir kəsin qazana bilmədiyi nəticələri qazanmaqdır. “Simurq”un tarixinə düşən
oyunçulardan biri olmaq istəyirəm.
– “Simurq”a
gəldikdən sonra yeni komandana, abu-havaya öyrəşməkdə çətinlik çəkmədin?
– Əvvəl-əvvəl çətinlik olurdu. Ancaq indi qeyd
etdiyim ki, hər şey qaydasındadır. Komandaya tam uyğunlaşmışam. Gündəlik
məşqlərimi edib, oyunlara hazırlaşıram.
– Ailəsi ilə
birlikdə Zaqatalada yaşan tək-tük yerli futbolçulardan. Burada yaşamaq səni
darıxdırmır?
– Elə də çox darıxmıram. Bu futbol həyatıdır. Bir gün
Bakıdasan, bir gün də hansısa regionda. Zaqatalada ölkəmizin inkişaf etmiş
şəhərlərindən biridir. Yaşamaq üçün hər cür şərait var. Darıxmağa heç vaxtımda
olmur. Məşqlər, oyunlar, imkan olduqcada ailəmlə Zaqatalanın, yaxın şəhərlərin
gəzməli yerlərinə gedirəm, istirahət edirəm.
– Azarkeşlərimizlə
münasibətin necədir?
– Münasibətim çox yaxşıdır. Komandamızı hər oyunda
dəstəkləyirlər. “Qəbələ” ilə oyunda belə saylarının az olmaqlarına baxmayaraq,
bizi tək qoymadıqlarını hiss elətdirə bildilər. Hər birinə çox sağı ol deyirəm.
İnşallah, sona qədər bizimlə olarlar. Xüsusən də, “Qarabağ”la oyunda onlara çox
ehtiyacımız var. Stadionu tam dolduracaqlarına inanıram.