21 Dekabr 2024
Ölkə futbolu

Stenli Brard: “Sentyabr ayı ərzində başqa yeni futbolçuların gəlişi də gözlənilir”

"Qəbələ” Futbol Akademiyası bir neçə gün öncə 2013-2014 mövsümünə start verdi.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, 9 yaş qrupu üzrə komandalar artıq gündəlik məşqlərlə aşağı yaş qrupları üzrə çempionatlara hazırlaşırlar. “Qəbələ” Futbol Akademiyasının direktoru kimi ilk futbol ilinə başlayan Stenli Brardla söhbət zamanı bir sıra maraqlı məqamlara aydınlıq gəldi. Hollandiyalı mütəxəssis mövsümə əla start verdiklərini, hazırda komandaların komplektləşdiyini söylədi:

“Mövsümə əla start verdik. Hər şey planlaşdırdığımız kimi davam edir. Artıq bütün komandalarımız bir neçə gündür ki, məşqlərə başlayıb. Qruplarımız məşqlərə yeni başladığından onlar haqqında hələ ki, ətraflı məlumata malik deyiləm. Komandalarımız komplektləşməkdədir. Akademiyamızda yeni futbolçular və məşqçilər var. Sentyabr ayı ərzində başqa yeni futbolçuların gəlişi də gözlənilir. Məşqçilərimiz səylə, ən əsası isə birlikdə yardımlaşaraq çalışırlar. Öncə də dediyimiz kimi bu, bizim əsas hədəflərimizdəndir”.

Brard hazırda havaların isti keçməsi ilə əlaqədar olaraq məşqlərin səhər saatlarında keçirildiyini bildirdi. Akademiya direktoru yeni dərs ilinin başlamasından sonra məşq qrafikinin dəyişəcəyini dedi:

“Məşqlərimizi səhər saatlarında keçirik. Hazırda futbolçularımız yay tətilindədirlər, yəni məktəbdən azaddırlar və bu da bizə səhərlər hazırlıq keçməyə imkan verir. Səhər saatlarında hava daha sərin olur, bu səbəbdən məşqlərimiz daha effektiv alınır. Yeni dərs ilinin startına kimi bu qrafiklə davam edəcəyik. Məktəblərin açılışından sonra isə qrafikimizi dəyişəcəyik. Məşqlərimizi əsas bazamızdakı meydançalarda və Böyük Əmili qəsəbə stadionunda keçiririk”.

Brard işlərinin meydançalarda bitmədiyini, bütün akademiya heyəti üçün tez-tez müxtəlif səpkili toplantıların keçirildiyini bildirdi:

“İşimiz təkcə meydançalarda məşqlər keçməklə bitmir. Futbolçu və məşqçi heyəti üçün müxtəlif mövzulu toplantılar təşkil edirik. Toplantılarda intizam qaydaları, psixoloji hazırlıq və infrastrukturdan düzgün istifadə barədə söhbətlər aparırıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43